22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ölkəmizə bioloji aktiv qida məhsulları idxal edən bir qrup sahibkarla görüş keçirilib

10-07-2024
IMG

Son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyənləşib. Bioloji aktiv qida məhsullarının idxalı ilə əlaqədar mövcud vəziyyət təhlil olunaraq, Agentlik tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edilib.

Daha əvvəl keçirilən görüşlərin davamı olaraq, bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların müraciəti əsasında bu sahədə fəaliyyət göstərən bir qrup idxalçı şirkətlərin nümayəndələri ilə AQTA-da görüş keçirilib.

Məqsəd sahibkarlarla əməkdaşlığın daha da genişləndirilməsi, onların mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılması, fəaliyyətin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərilməsidir. Bir daha qeyd edilib ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də ölkə ərazisinə idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ölkə ərazisində qadağandır.

Xatırladaq ki, Agentlik Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il iyulun 1-dən bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün müraciətlərin qəbuluna başlayıb. Agentlik tərəfindən qeydiyyata alındıqdan sonra həmin məhsulların ölkə ərazisinə idxalına icazə verilir. “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq aparılan prosesə əsasən, qeydiyyata alınacaq bioloji aktiv qida məhsullarının qeydiyyat müddəti 5 il nəzərdə tutulur.

Görüş zamanı sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.

Paylaş: