22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nyu-Yorkda gözlənilən isti hava dalğası ilə bağlı xəbərdarlıq

18-06-2024
IMG

ABŞ-nın orta qərb və şimal-şərq bölgələrinin bu həftə mövsümi normalardan yuxarı həddindən artıq isti  hava dalğasının təsirinə məruz qalacağı gözlənilir.

Nyu-Yorkun Bələdiyyə başçısı Erik Adams bu həftə ölkənin mərkəzi və şimal-şərq hissələrinə təsir edəcək həddindən artıq isti hava  dalğası ilə bağlı xəbərdarlıq edib. Adams bu həftə Nyu-Yorkda temperaturun 37 dərəcəni keçəcəyini gözlədiklərini ifadə edərək bunun iyun ayı üçün həddindən artıq isti hava kimi qiymətləndirib.

Adams bu müddət ərzində evdə kondisioneri olmayan vətəndaşlar üçün şəhərdə soyutma mərkəzləri açacaqlarını, xüsusilə yaşlıların və sağlamlıq vəziyyəti həssas insanların həddindən artıq istilərə qarşı tədbir görmələri lazım olduğunu bildirib.

Ölkədə müşahidə edilən rekord istilərin iqlim dəyişikliyinin göstəricisi olduğuna diqqət çəkən Adams bu ekstremal hava hadisələrinin artıq tez-tez görülə biləcəyini və bunun meşə yanğınlarına səbəb ola biləcəyini xatırladıb.

Qeyd edək ki, Nyu-Yorkda hər il 350-dən çox insan həddindən artıq istilər səbəbindən ölür.

Bütövlükdə isə ABŞ-da 70 milyon insan üçün həddindən artıq isti hava xəbərdarlığı edilib.Ölkənin Milli Meteorologiya Xidməti bu həftə bəzi bölgələrdə, xüsusilə Minnesota, İllinoys, İndiana və Ohayo ştatlarında temperaturun 41 dərəcəyə çatacağı proqnozlaşdırıb.

Ötən həftə isə  Kaliforniyanın cənub-qərbi, Nevada, Arizona və Nyu-Meksiko ştatları həddindən artıq istilərə məruz qalıb və həftəsonu Arizona ştatının Feniks şəhərində temperatur 45 dərəcə Selsiyə çatıb.

Los-Ancelesdəki meşə yanğınları səbəbindən 1200 nəfər təxliyə edilib. 12 min dekardan çox ərazini əhatə edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir.

Paylaş: