Nevroloq: Karpal tunel sindromu iş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir
Karpal tunel sindromunun yaranmasının və ya xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün soyuq mövsümdə əlcək geyinmək, hər hansı fiziki işi yerinə yetirərkən biləyi həddindən artıq gərginləşdirməmək və ya qəfil hərəkətlər etməmək tövsiyə olunur.
Fhnews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Elşanə Mustafayeva açıqlamasında bildirib.
Nevroloq qeyd edib ki, xəstəliyin diaqnostikası kliniki və instrumental müayinə üsulları əsasında aparılır: “Obyektiv müayinə zamanı ələ baxış keçirilir: ödəm, trofiki pozuntula və əzələ atrofiyasının olub-olmaması müəyyənləşdirilir. Nevroloji müayinə zamanı əlin I-III barmaqlarında hissiyyat, əzələ gücü və tonus, habelə reflekslər qiymətləndirilir. Bu patologiyanın iki növ müalicəsi var: konservativ və cərrahi. Karpal tunel sindromunun konservativ müalicəsinin əsas prinsipi xəstəliyi törədən səbəbi müalicə etməkdən ibarətdir. Medikamentoz müalicə zamanı ağrı, iltihab və ödəm kimi simptomları aradan qaldıran müxtəlif dərman vasitələrindən istifadə olunur. Bilək nahiyəsində hərəkəti məhdudlaşdırmaq məqsədilə ortopedik vasitələrdən (ortezlər) geniş istifadə olunur. Biləyin immobilizasiyası xəstəliyin yüngül və orta dərəcəsində, həmçinin əməliyyatdan sonrakı dövrdə göstərişdir. Ən yaxşı nəticə əldə etmək üçün ortezin gecə-gündüz taxılması tövsiyə edilir. Fizioterapiya Karpal tunel sindromunun dərmansız müalicə üsulu olaraq xəstəliyin etioloji və patogenetik mexanizmlərinə təsir etmək məqsədilə aparılır. Bu səbəbdən geniş spektrli fizioterapevtik üsullardan istifadə olunur: fonoforez, elektroforez (analgetik, damargenişləndirici dərmanlarla), krioterapiya, maqnitoterapiya, yerli darsonvalizasiya, elektrostimulyasiya, lazeroterapiya, palçıq vannaları, naftalan yaxmaları, habelə müalicəvi masaj, akupunktura, manual terapiya və müxtəlif fiziki məşqlər. Əgər terapevtik müalicə altı ay ərzində istənilən nəticəni vermirsə, karpal tunel sindromunun cərrahi müalicəsi tövsiyə olunur. Cərrahiyyə əməliyyatı yerli anesteziyadan istifadə edərək açıq və ya endoskopik üsulla icra olunur. Əməliyyat nəticəsində karpal kanalda köndələn bağ kəsilərək sinirin sərbəstləşməsi təmin edilir”.
“İş zamanı qaməti düzgün saxlamaq, biləklərinizi ən rahat vəziyyətdə saxlaya biləcək mebel və ofis avadanlıqlarından istifadə etmək lazımdır. Həmçinin monoton hərəkətlər edərkən müntəzəm olaraq fasilə və əllərə istirahət vermək tövsiyə edilir. Karpal tunel sindromuna səbəb olan xəstəliklərin müalicəsini gecikdirməmək şərti ilə sağlam həyat tərzi sürmək, gündəlik əl hərəkətlərinin yerinə yetirmək məqsədəuyğun hesab olunur. Əgər işləyərkən tez-tez kompüter arxasında oturursunuzsa, ofis kreslosunun rahatlığına, boyunuza uyğun tənzimlənməsinə fikir verməlisiniz. Kreslonun arxa dayağı və qoltuqaltısı olmalıdır. Klaviatura və siçanın erqonomik olması vacibdir. Klaviaturada işləyərkən xüsusi dayaqlarından istifadə olunması məsləhət görülür. Monitor göz səviyyəsində və ya bir qədər aşağı yerləşməlidir. Boyunu əyməkdən çəkinmək lazımdır. Kompüterdə işləyərkən kürək oturacağın arxasına söykənməklə çiyinlər rahat olmalıdır. Karpal tunel sindromu həyat üçün təhlükəli bir vəziyyət deyil, lakin iş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və həyat keyfiyyətini azaldır”, - deyə E.Mustafayeva əlavə edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...