Təmiz Hava Günü münasibətilə Abşeron və Şirvan milli parklarında “Açıq qapı” günü elan edilib
Mavi Səma üçün Təmiz Hava Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2019-cu ildə təsis edilib və ilk dəfə 2020-ci ildə qeyd olunub.
Fhnews.az xəbər verir ki, bu əlamətdar gün hər il sentyabrın 7-də qeyd olunur və təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün nə qədər vacib olduğunu vurğulamaq məqsədi daşıyır. BMT Baş Assambleyasının 2019-cu il 19 dekabr tarixli Qətnaməsi (A/RES/74/212) ilə müəyyən edilmiş bu günün məqsədi dünya ölkələrinin diqqətini havanın çirklənməsi probleminə yönəltməkdir.
Heç kimə sirr deyil ki, ətraf mühitin çirklənməsi dövrümüzün qlobal problemlərindən birinə çevrilib. İnsan fəaliyyəti və tərəqqi, təəssüf ki, həmişə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Təbii ehtiyatların tükənməsi ilə yanaşı, insan fəaliyyəti ətraf mühitin müxtəlif sahələrinin, o cümlədən suyun, havanın, torpağın çirklənməsi ilə müşayiət olunur. Çirklənmə bir çox ekoloqlar tərəfindən planetdə iqlim dəyişikliyinə ciddi təsir göstərən amillərdən biri hesab olunur.
Tibb alimləri təsdiq edirlər ki, insult, xroniki tənəffüs yolları xəstəlikləri, ağciyər xərçəngi və hətta ürək-damar xəstəliklərindən insan ölümü hallarının təxminən üçdə biri atmosferin çirklənmiş vəziyyəti ilə bağlıdır.
İnsan fəaliyyəti prosesində atmosferə bərk hissəciklərin və qazların atılması iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnməklə yanaşı, insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünya ərazisinin 99 faizi havanın çirklənməsindən təsirlənir. Bunun da hər il 6,5 milyon insanın vaxtından əvvəl ölümünə yol açdığı təxmin edilir.
BMT-nin əsas çağırışı dünya ölkələrinin diqqətini bu problemə cəlb etmək, planetin havasının və sakinlərinin sağlamlığı üçün müəssisələrdən və nəqliyyatdan atmosferə atılan zərərli emissiyaların azaldılması məsələsinə həssas yanaşmaqdan ibarətdir. Yalnız kompleks yanaşma və bütün ölkələrin hökumətlərinin birgə səyləri Yer atmosferinin sağlamlığının yaxşılaşdırılması üçün mübarizədə effektiv nəticələr verə bilər.
Havanın çirklənməsi problemi bu gün ətraf mühit üçün ən ciddi təhlükədir. Bu, həm də iqlim dəyişikliyini daha da gücləndirir, iqtisadi itkilərə səbəb olur və kənd təsərrüfatı məhsuldarlığını azaldır. Havanın çirklənməsi heç bir sərhəd tanımır - hər kəs atmosferimizi qorumaq və hamını təmiz hava ilə təmin etmək üçün məsuliyyət daşıyır.
Bu gün münasibətilə bir çox ölkədə müxtəlif maarifləndirmə kampaniyaları, seminarlar, təbiət yürüşləri, ictimai forumlar və aksiyalar təşkil olunur. Mavi səma və təmiz hava üçün fərdlər və cəmiyyətlər tərəfindən atıla biləcək addımlar vurğulanır.
Hər kəs Mavi Səma üçün Təmiz Hava Günündə hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verə, piyada yürüş, velosiped sürmək, ictimai nəqliyyatdan, elektrik avtomobillərdən istifadə və enerjiyə qənaət etmək kimi addımlarla dəstəyini göstərə bilər.
Qeyd edək ki, Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron və Şirvan milli parklarında “Açıq qapı” günü elan edilib. Hər kəs Şirvan Milli parkında flaminqoları müşahidə edə, Abşeron Milli Parkında isə xüsusi interaktiv və maraqlı tədbirə qoşulmaqla günü yaddaqalan edə bilər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...