22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb (video, foto)

20-06-2024
IMG

Belarusda səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ilə görüşüb.

Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzində keçirilən görüşdə səfər zamanı göstərilən qonaqpərvərliyə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin köklərə malik çoxşaxəli əlaqələrin Azərbaycan Prezidenti cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun siyasi uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb. Qeyd edib ki, digər istiqamətlərdə olduğu kimi fövqəladə halların idarə edilməsi sahəsində iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir K.Heydərov bu səfərin və səfər çərçivəsində imzalanacaq müvafiq sənədin münasibətlərin dərinləşməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib.

Kəmaləddin Heydərov belaruslu həmkarını Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının sədri seçilməsi münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski Minskdə keçirilən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirakına və təbrikinə görə Azərbaycan Respublikasının fövqəladə halllar naziri Kəmaləddin Heydərova səmimi təşəkkürünü bildirib.

Belaruslu nazir hər iki dost ölkə arasında dövlət başçılarının məqsədyönlü fəaliyyətləri sayəsində ildən-ilə genişlənən əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində iki qurum arasında yüksək səviyyəli əlaqələrin formalaşmasından məmnunluq ifadə edib. Qarşılıqlı səfərlərin, aparılan müzakirələrin münasibətlərin daha da genişlənməsində faydalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planı”nın imzalanması mərasimi olub. Kompleks Planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski imzalayıb.

Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan nazir K.Heydərov xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra nazir Kəmaləddin Heydərov Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alan Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan FHN-in nümayəndə heyəti Belarus FHN-in qurumlarının, habelə yanğın-xilasetmə texnika və avadanlıqlarının istehsalını həyata keçirən yerli müəssisələrin fəaliyyəti ilə yerində tanış olub.

Paylaş: