22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nəsli kəsilmiş canlıların robotları hazırlanır

24-10-2024
IMG

Alimlər milyonlarla il əvvəl nəsli kəsilmiş canlılardan robotlar hazırlamaq üçün araşdırmalara davam edirlər. Müxtəlif fənləri bir araya gətirən araşdırmaların təkamül prosesinin kritik nöqtələrinin daha yaxşı başa düşülməsini təmin etməsi gözlənilir. 

Mühəndislər uzun müddətdir ki, bu gün yaşayan heyvanlardan robotlar qurur və ya onların bəzi bacarıqlarından ilhamlanaraq texnoloji qurğular hazırlayırlar. Nəsli kəsilmiş canlıların bəzi xüsusiyyətlərini daha yaxşı başa düşmək üçün robotlar da istehsal edilmişdir. Lakin Kembric Universitetinin bir qrup alimi  iddia edir ki, nəsli kəsilmiş heyvanların necə hərəkət etməsi kimi fundamental suallara tam bədənli robotlar yaratmaqla cavab vermək olar.

Elmi araşdırmalar aparan “Science Robotics” jurnalının son sayında dərc olunan məqalənin müəllifləri robototexnika, paleontologiya və biologiya sahələrini bir araya gətirərək təkamülün sudan quruya keçid kimi dönüş nöqtələrinə işıq salmağa ümid edirlər. 

Tədqiqatın həmmüəllifi Maykl İşida əlavə edib ki, paleontoloqlar qədim fosilləri tədqiq etməklə omba və çanaq oynaqlarının quruluşu haqqında ipuçları əldə edirlər, lakin təkcə fosillərdən öyrənə biləcəyimiz şeylərin məhdudiyyətləri var.

Bu, robotların işə girdiyi yerdir. Onlar, xüsusən də onurğalıların hərəkət tərzində böyük dəyişiklikləri araşdırarkən tədqiqatdakı boşluqları doldurmağa kömək edə bilər.Tədqiqatçılar hal-hazırda nəsli kəsilmiş balıq fosillərindən və bu gün həm quruda, həm də suda yaşayan heyvanlardan ilhamlanaraq robot hazırlayırlar. 

Tamamlandıqdan sonra robotun onurğalıların sudan quruya necə keçdiyi sualına cavab verəcəyi gözlənilir.Alimlər ümid edirlər ki, bu cür robotlar uçma qabiliyyətinin təkamülü və bəzi heyvanların dörd ayaqdan iki ayaq üzərində yeriməyə necə keçdiyi kimi suallara da cavab verəcək. İşida bu işlərdə kompüter simulyasiyalarının vacib olduğunu qeyd edir, lakin əlavə edir ki, robotlar tarixdən əvvəlki heyvanların hərəkətlərini fiziki mühitlərdə sınamaq imkanı verəcək. 

Tədqiqatçılar bu robotların hələ ortaya çıxmamış növlər haqqında da fikir verə biləcəyini düşünürlər.

Paylaş: