22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA Marsa səyahətin simulyasiyasında bir il təcrid vəziyyətində yaşayacaq könüllülər axtarır

17-02-2024

NASA bu yaxınlarda həyata keçirəcəyi insanın Marsın səthinə səyahəti missiyasının simulyasiyasında bir il təcrid olunmuş vəziyyətdə yaşayacaq könüllülər axtarır.

Fhnews.az NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçiləcək dörd könüllü agentliyin növbəti simulyasiya edilmiş bir illik Mars səthinə səyahət missiyasında iştirak edəcək. Bu missiya gələcəkdə insanların Qırmızı planeti kəşf etmələri üçün hazırlanan planlar çərçivəsində onlara məlumat toplamaqda kömək etmək üçün nəzərdə tutulub.

Bu simulyasiya NASA-nın bir il davam edən ikinci Mars təcrübəsidir. Onlardan birincisi 2023-cü ilin iyununda başlayıb və simulyasiya prosesində iştirak edən könüllülər hələ bir neçə ay təcrid şəraitində olacaqlar. Plana əsasən, CHAPEA (Crew Health and Performance Exploration Analog) adlı üç yerüstü missiyadan ikincisinə 2025-ci ilin yazında başlanacaq. Missiyalara NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində 3D formatında çap edilmiş 1700 kvadrat metrlik bazada işləyən və birlikdə yaşayan dörd nəfərlik ekipaj daxildir.

Marsın səthini təqlid edən “Dune Alpha” adlanan baza Qırmızı planetdə ilk insanların qarşısına çıxacaq çətinlikləri simulyasiya etmək üçün nəzərdə tutulub. Bu problemlərə resurs çatışmazlığı, avadanlıqların nasazlığı, rabitə gecikmələri və stress yaradan digər vəziyyətlər daxildir.

İkinci CHAPEA missiyası üçün müraciətlər aprelin 2-dək qəbul ediləcək. Missiyanın özünün 2025-ci ildə başlanması planlaşdırılır. İştirakçılar 30 və 55 yaş arası sağlam, siqaret çəkməyən, ingilis dilini bilən, "unikal, faydalı macəralar və Marsa ilk insan səyahətinə hazırlaşmaq üçün NASA-nın missiyasına töhfə verməkdə maraqlı olan" ABŞ vətəndaşları arasından seçiləcək.

Ekipaj üzvlərinin mühəndislik, riyaziyyat, biologiya, fizika və kompüter elmləri kimi STEM sahələri üzrə magistr dərəcəsi olmalıdır. Onlar, həmçinin ən azı iki illik peşəkar STEM biliklərinə və ya təyyarəni idarə etmək üçün minimum 1000 saatlıq təcrübəyə malik olmalıdırlar.

Paylaş: