22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mütəxəssis: Yay aylarında dərinin su balansını qorumaq üçün daha çox maye qəbulu tövsiyə olunur

24-06-2024
IMG

Azərbaycan coğrafi olaraq isti iqlim qurşağında yerləşir və günəş intensivliyi olduqca çoxdur. Bu da Günəş şüalarına həssas olanlarda, xüsusilə də açıq dərili insanlarda narahatçılıq yaradır.

Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov deyib.

O, Günəş şüalarından qorunmağın əsas yolları barədə danışıb: “Günəşin intensiv saatlarda, yəni 12:00-16:00 arasında açıq havada, birbaşa günəş altında olmamaq, qoruyucu geyim və çətirlərdən istifadə etmək lazımdır. Sutkanın bu saatlarında çimərlikdə olmaq çox təhlükəlidir, çünki Günəş zenitdə olur, yəni düzbucaq altında dəriyə təmas edir. Ona görə də, çimərlikdə açıq havada ya 12:00-a qədər, ya da 16:00-dan sonra olmaq məsləhətlidir. Həm də bu saatlarda şüalar daha intensiv olur. Bu müddət ərzində nəinki dəridə yanıqlar, həmçinin günvurma və istivurma ola bilər. Günəşdən qorunmaq üçün hər kəs, xüsusən də daha həssas insanlar vaxtı münasib seçməli və açıq rəngli geyimlərdən istifadə etməlidir. Həmçinin baş geyimlərindən istifadə etmək tövsiyə olunur”.

Mütəxəssis yaz–yay aylarında dəridə yaranan narahatlıqlar haqda məlumat verib: “İstənilən insan uzun müddət Günəş altında qaldıqda, onda narahatlıq yaranır. Dəriyə birbaşa düşən intensiv şüalar birinci mərhələdə dəridə yüngül qızartı və qaşınma əmələ gətirə bilər. Lakin daha həssas insanlarda qizartılar arta bilər. Prosesə dərialtı toxumalar da qoşulur. Dəridə tripremiya, şişkinlik, göyərmə və qaşınma hissi və nəticədə suluqlar əmələ gələ bilər. Bu, artıq Günəş şüasının təsirindən dəridə əmələ gələn intoksikasiyadır. Yəni şüaların təsirindən dəridə və dərialtı toxumada toksiki maddələr və trofiki problemlər əmələ gəlir. Bu proses bəzən çox tez, bəzən isə bir günə baş verir. Sonra prosesə ikinci infeksiya qoşulduqda, vəziyyət bir qədər də mürəkkəbləşir. Qərtməklər, eroziv yaralar və sulanma müşayiət olunur. Günəş şüalarına həssas olan insanların qoruyucu kremlər istifadə etməsi, bütün bədəni örtən ağ paltar geyinməsi tövsiyə olunur. Lazım gəldiyi təqdirdə çətirdən istifadə edin, çünki əmələ gələn narahatçılıqlar bütün yay boyu davam edəcək. Qeyd edim ki, fotodermativlər deyilən bu xəstəliklər ciddi narahatlıqlar yaradır. Belə insanlar vitaminli qidalar, sərin mayelər, əsasən də sudan bol istifadə etməlidir. Çünki intensiv şüalar dəri xərçəngi, həmçinin maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan digər xəstəlikləri yarada bilər. Bəzi hallarda bu yanıqların yerində uzunmüddətli piqment ləkələr qalır və müalicəyə çətin tabe olur”.

İ.Ağamirov Günəş vannalarının müsbət və mənfi tərəflərini qeyd edib: “Günəş şüaları orqanizmin D vitaminini istehsal etməsinə kömək edir. Bu, sümük və dişlərin güclü olması üçün çox əhəmiyyətlidir. Eyni zamanda, ekzema və sızanaq problemləri olanlar Günəşdən faydalanırlar. Bundan əlavə, günəşli bir gün hər kəsə müsbət emosiya bəxş edir. Alimlər bunun beynin pineal hüceyrələri və melatonin hormonunun səviyyəsi ilə bağlı olduğunu müəyyən ediblər.

Günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var. Belə ki, dərimiz kollagen və elastik deyilən proteinlərdən ibarət olduğu üçün Günəş şüalarından zədələnir. Qızmar Günəş altında sadəcə, 2-3 dəqiqə qalsanız belə, bu mənfi təsir özünü göstərməyə başlayacaq. Eyni zamanda, yaz–yay fəsillərində üz dərisini xüsusən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Bu şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır. Açıq dərili insanlar yaz–yay fəslində daha ehtiyatlı olmalıdırlar. Ultrabənövşəyi şüaların təsirinin sızanaq və səpkilərin daha da artmasına səbəb olduğunu nəzərə alaraq, bu simptomlara meylli olanlar da özlərini Günəşdən qorumalıdır. Adətən yağlı dərili insanlar sızanağa meyilli olurlar. Buna görə də, yağlı dəri üçün Günəşdən qoruyucu kremlər sızanaqların daha da artmasına səbəb ola bilər”.

Paylaş: