22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mütəxəssis: Məktəblilərin qidası zehni və fiziki aktivliyi təmin edəcək maddələrdən ibarət olmalıdır

13-09-2024
IMG

“Məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir. Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir”.

Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, uşaqları ev şəraitində hazırlanan qidaların istehlakına cəlb etmək çox nadir hallarda rast gəlinir və bu səbəbdən yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər: “Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradır. Onların sağlam qidalanması gələcək təhsillərində uğuru və sağlamlıqlarına təsir edə bilər. Müşahidələr göstərir ki, əksər hallarda xüsusilə uşaq və yeniyetmələr əsas qida mənbəyi olaraq fastfud kimi zərərli qidalara üstünlük verirlər”.

Mütəxəssis uşaqlarda sağlam qidalanmaq vərdişlərinin formalaşması üçün vacib tövsiyələr verib: “Sağlam qidalanma vərdişlərinin aşılanması valideynlərin prosesə müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideynlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, oyunlara və kompüterə ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə piylənmə və ürək-damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır”.

Ailə ilə birgə qida qəbulunun uşaqlarda sağlam qidalanma vərdişləri yaratdığına diqqət çəkən E.Məmmədov əlavə edib ki, bu proses uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır: “Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırmaq isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır”.

Paylaş: