22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mütəxəssis: İnsult keçirən şəxsə ilkin tibbi yardımın göstərilməsi həyati əhəmiyyət daşıyır

28-10-2024
IMG

İnsult beyin qan dövranının kəskin pozulması nəticəsində beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur. O, işemik (damarların tıxanması) və ya hemorragik (beyində qanaxma) xarakter daşıya bilər. Əsas səbəblərə yüksək qan təzyiqi, ürək xəstəlikləri, ateroskleroz, piylənmə, şəkərli diabet və siqaret çəkmək daxildir. Həmçinin qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və irsi meyillilik risk faktorlarındandır. Beynəlxalq protokollara əsasən, risk faktorlarının erkən aşkarlanması və nəzarətdə saxlanılması insultun qarşısını almaqda əsas addım ola bilər.

Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti nevroloq Mərziyyə Məmmədova deyib.

Mütəxəssis insultun simptomlarının adətən qəflətən yarandığına və əksər hallarda təcili tibbi yardıma ehtiyac olduğuna diqqət çəkib: “Ən çox rast gəlinən simptomlara üzün asimmetriyası, əl və ya ayaqda zəiflik, nitqdə çətinliklər, görmə problemləri, başgicəllənmə və ya balansın itirilməsi, kəskin baş ağrısı və digərləri aiddir.

İnsult keçirən şəxsə ilk tibbi yardımın vaxtında göstərilməsi həyati əhəmiyyət daşıyır. Əvvəlcə dərhal təcili yardım çağırılmalıdır. Xəstəni uzanmış vəziyyətdə saxlayıb başını bir qədər yuxarı qaldırmaq, nəfəs yolunun açıq olduğuna əmin olmaq vacibdir. Qusma halları zamanı xəstə yan üstə çevrilməlidir. Xəstəyə dərman vermək və ya hər hansı maye içirməkdən çəkinmək lazımdır.

Beynəlxalq protokollara əsasən, erkən tibbi müdaxilə (ilk 4-5 saat ərzində) xəstənin sağqalma ehtimalını və funksional bərpasını artırır. Lakin bəzi yeni protokollara görə, qızıl pəncərə 9 saata qədər uzadıla bilər. Cərrahi müdaxilə və ya qandurulducu dərmanların istifadəsinə yalnız xəstəxanada qərar verilir”.

Nevroloqun sözlərinə görə, yüksək qan təzyiqi (hipertoniya) insultun əsas risk faktorlarından biridir: “Hipertoniya beyin damarlarını zədələyərək onların işemik insult zamanı tıxanmasına və ya hemorragik insult zamanı partlamasına səbəb ola bilər. Hipertoniya nəzarətdə saxlanılmadıqda insult riski əhəmiyyətli dərəcədə yüksəlir. Hipertoniya ilə mübarizə insultun qarşısının alınmasında əsas tədbirlərdən biridir. Qan təzyiqinin müntəzəm nəzarətdə saxlanılması və uyğun müalicə ilə insult riski azaldıla bilər. Əlavə olaraq, sağlam həyat tərzi – düzgün qidalanma, fiziki aktivlik və siqaretdən imtina da riskin idarə olunmasına kömək edir. İnsult zamanı cərrahi müdaxilə yalnız ağır hallarda və xüsusi şərtlər daxilində tətbiq edilir. Hemorragik insult zamanı beyin qanaması nəticəsində beyində yaranan təzyiqi azaltmaq üçün təcili əməliyyat tələb oluna bilər. İşemik insult hallarında isə bəzi xəstələrdə endovaskulyar üsullar, məsələn, trombektomiya ilə damar tıxanmasının aradan qaldırılması mümkündür. Beynəlxalq protokollar cərrahi müdaxiləni yalnız zəruri hallarda tövsiyə edir. Cərrahi əməliyyatın vaxtında aparılması xəstənin həyatını qurtara və funksional bərpanı sürətləndirə bilər.

Cərrahlar insult keçirən şəxsdən 16 saat ərzində trombektomiya etməlidir. Bununla belə, bəzi insanlar üçün cərrahlar insult başlandıqdan sonra 24 saat ərzində əməliyyat keçirə bilərlər. Əməliyyatdan sonra isə xəstəyə intensiv reabilitasiya tələb olunur”.

Həkim-mütəxəssis insultdan sonra yaranan problemlərdən də danışıb: “İnsult keçirmiş xəstələrdə nitq problemləri, afaziya kimi hallar çox rast gəlinir. Bu pozulmaların müalicəsi nitq terapiyası ilə həyata keçirilir. Erkən reabilitasiya bərpa prosesini sürətləndirir və xəstənin nitq funksiyalarının yenidən qurulmasına kömək edir. Nitq terapevti tərəfindən fərdi plan əsasında davamlı məşğələlər aparılır. Müalicə müddətində yaxınların dəstəyi də vacibdir. Xəstənin psixoloji vəziyyətini dəstəkləmək və sosial adaptasiyanı təmin etmək nitq bərpasında mühüm rol oynayır. Reabilitasiya prosesi adətən uzunmüddətli olsa da, müntəzəm terapiya xəstənin funksional vəziyyətini yaxşılaşdırır.

İnsultdan sonra xəstənin qayğısı fiziki reabilitasiya, psixoloji dəstək, koqnitiv bərpa və tibbi nəzarətə əsaslanır. Fizioterapiya hərəkətliliyin bərpasına kömək edir, nitq terapiyası isə kommunikasiya bacarıqlarının inkişafına yönəlir. Koqnitiv bərpa proqramları xəstənin düşünmə, yaddaş və digər psixoloji funksiyalarını yaxşılaşdırmağa yönəldilib. Xəstənin qidalanma və dərman rejimi də diqqətlə izlənilməlidir. Psixoloji dəstək insult keçirən şəxsin motivasiyasını və sosial adaptasiyasını təmin edir”.

İnsultdan 4 ay sonra demensiyanın profilaktikasının aparılmasının zəruriliyini vurğulayan həkim deyib: “Bu məqsədlə koqnitiv reabilitasiya metodları, o cümlədən teletibb, virtual reallıq və “neurofeedback” kimi yeni bərpa üsulları effektiv şəkildə tətbiq oluna bilər. Teletibb xəstələrə uzaqdan tibbi dəstək və konsultasiyalar təqdim edərək onların bərpa prosesini asanlaşdırır. Virtual reallıq, koqnitiv və fiziki funksiyaların bərpasında interaktiv mühitlər yaradır. “Neurofeedback” isə beyin dalğalarını izləyərək koqnitiv funksiyaların inkişafına kömək edir.

Beynəlxalq reabilitasiya protokolları erkən müdaxilənin və intensiv qayğının xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərir. Ailə üzvləri xəstəyə müntəzəm qayğı göstərməli və onu gündəlik fəaliyyətlərdə dəstəkləməlidirlər. Bu proses uzun müddət tələb edir, lakin davamlı reabilitasiya yaxşı nəticələrə gətirib çıxarır”.

Paylaş: