Müsəlman Ağsaqqalları Şurası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Aprelin 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə şəxsi dəvəti ilə Azərbaycanda səfərdə olan Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamla görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, şeyxülislam A.Paşazadə dövlətimizin başçısı Prezident İlham Əliyevin qlobal təşəbbüsləri və himayəsi ilə Azərbaycanın beynəlxalq müstəvidə dinlər, mədəniyyətlər arasında dialoq və əməkdaşlıq prosesinə əməli töhfələrindən danışaraq, ölkəmizin bu sahədə ev sahibliyi etdiyi dünya əhəmiyyətli mötəbər tədbirlər barədə qonağı məlumatlandırıb. QMİ sədri Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayaraq, Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsini ölkəmizin və dini mərkəzin bu istiqamətdə səylərinə verilən böyük dəyər olduğunu qeyd etdi.
Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyibin salamlarını A.Paşazadəyə çatdırıb. Bildirib ki, şeyxülislam Allahşükür Paşazadə ilə hər bir görüş onun üçün xüsusi dəyər kəsb edir və təmsil etdiyi Müsəlman Ağsaqqalları Şurasında belə bir mötəbər, nüfuzlu dini liderin üzv olmasından şərəf duyur.
Salamlara görə minnətdarlığını bildirən QMİ sədri A.Paşazadə onun da salamlarını Əhməd Ət-Tayyibə çatdırmağı xahiş edib və Əl-Əzhərin şeyxinin dünyadakı nüfuzunun qlobal dinlərarası dialoq prosesində, habelə islamdaxili anlaşma və əməkdaşlıq yönündə real nəticələrin alınmasında böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
QMİ sədri mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO, BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə dini liderlərin plenar iclasının, Bakıda və Şuşada görüşünün keçiriləcəyi barədə danışıb, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamın bu foruma dəvətli olduğunu məmnunluqla qeyd edib. Şeyxülislam, həmçinin Müsəlman Ağsaqqalları Şurasının COP28-də təşkil etdiyi iqlim naminə dini pavilyonu və Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyibin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə keçirilən tədbirdə iştirakını xatırladaraq, bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində də bu uğurlu təcrübənin davam və inkişaf etdiriləcəyinə əmin olduğunu vurğulayıb.
Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunulub, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi qeyd edilib. Müsəlman Ağsaqqalları Şurası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın perspektivləri və birgə tədbirlər müzakirə edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...