Müasir cəmiyyətdə narkomaniya problemləri
Müasir dünyanı sarsıdan digər ölüm səbəblərinin – təbii fəlakətlərin, pandemiyaların və s. bərabərində bütün dövrlərin ortaq dərdi olan "ağ ölüm", təəssüflər olsun ki, bu gün də aktualdır. Cəmiyyətin varlığı və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilən bu ciddi bəlaya meyl günü-gündən artmaqdadır. Ən pisi də odur ki, yeniyetmə və gənclər bu şəbəkəyə asanlıqla cəlb olunurlar.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovanın "Müasir cəmiyyətdə narkomaniya problemləri" başlıqlı məqaləsində yer alıb. Fhnews.az həmin məqaləni təqdim edir.
Narkomaniyanın insan cəmiyyətinin normal yaşamı üçün törətdiyi təhlükələri nəzərə alaraq, onunla mübarizədə bütün mümkün tədbir və vasitələrdən istifadə olunması həyati zərurətə malikdir. Hər dəfə imkan düşdükcə narkomaniyanın tibbi, sosial, mənəvi fəsadları haqqında dönə-dönə danışmaq və yazmaq, xüsusən gənclər arasında narkomanlıqla bağlı yanlış təsəvvürləri dağıtmaq lazımdır.
Narkomaniya fərdin deqradasiyasına və orqanizmin məhvinə son dərəcə fəal şəkildə kömək edir. İnsanlar arasında yaşayan, tez-tez başqaları üçün ciddi təhlükə mənbəyinə çevrilən narkomanın deməyə haqqı yoxdur ki, bu, onun şəxsi işidir. Bir çox hallarda narkotik aludəçisi olan insan təəssüf ki, əxlaqsız, kinli və qəddar olur. Kim istəyər ki, övladının sinif yoldaşı narkoman olsun və ya qonşu mənzildə yaşasın? Lakin bir şəxsin narkoman olması ilk növbədə onun yaxınları üçün, gözləri qarşısında oğlunu və ya qızını, həyat yoldaşını və ya atasını itirməkdə olan insanlar üçün böyük faciədir.
Narkomaniya çoxlu sayda müxtəlif, o cümlədən ağır cinayətlərin birbaşa səbəbidir. Elmi araşdırmalara görə, yetkinlik yaşına çatmayan narkomanların təxminən ⅔-si cinayətkar olur. Bu onunla bağlıdır ki, narkotik asılılıq qarşısıalınmaz bir qüvvəyə çevrilərək, insanları vəsait əldə etmək üçün cinayətə qurşanmağa, hətta öz evlərindən, yaxınlarından oğurluq etməyə sövq edir.
Narkomaniya ümumilikdə millətin fiziki və mənəvi sağlamlığına təhlükə yaradır, zərbə vurur. Buraya nəsillərin genetik degenerasiyası, narkomaniyanın QİÇS, hepatit, digər ağır xəstəliklər, homoseksuallıq və fahişəlik problemləri ilə sıx əlaqəsi daxildir. Müxtəlif sosial problemlərin bütöv bir “buketi” narkomanlıqla əhatə olunmuşdur.
Narkotik sərxoşluğu vəziyyətində olan şəxs reallığı adekvat şəkildə əks etdirmir və öz hərəkətlərini idarə edə bilmir. Vəziyyətin tənqidi qiymətləndirilməsi yoxa çıxır, risk hissi sönür, hərəkətlərin koordinasiyası pozulur. Belə bir insanı nəqliyyat vasitəsini idarə edən və ya əlində silah tutan şəkildə təsəvvür edin!
Narkomaniyanın “sosial yoluxuculuğu” xüsusilə dəhşətlidir. Bir sıra elmi araşdırmalara görə, hər bir narkoman 12-17 nəfəri narkotik istifadəsinə asanlıqla cəlb edə bilir. Və xüsusilə vacib olan odur ki, narkomanların əksəriyyəti obyektiv olaraq narkotik şəbəkələrinə mümkün qədər çox yeni insan cəlb etməkdə şəxsən də maraqlı olur. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”.
Məlumdur ki, hər hansı həyat fəaliyyəti sahəsi qaranlıq məqamlara malik olduqda gənclər arasında daha çox maraq doğurur. Narkotiklərlə bağlı ətraf ictimai mühitdən, sosial şəbəkələrdən alınan məlumatların çoxu həqiqəti əks etdirmir. Üstəlik, əksər informasiya axını narkotik alverçilərindən və ya istifadəçilərindən gəlir. Narkotikləri istehsal edən və televiziyada reklam edən şirkətlər onları kütləvi şəkildə satıb pul qazanmaqda maraqlıdırlar. Qaranlıqlara işıq salmaq üçün insanlara elmi cəhətdən əsaslandırılmış, inandırıcı məlumatlar verilməlidir.
Biz gənclərimizə pis vərdişlərin insan sağlamlığına zərərli təsirlərini və gələcəkdə yarada biləcəyi problemləri düzgün izah etməliyik. Həmçinin onlara həmin vərdişlərin səbəb olduğu müxtəlif yoluxucu xəstəliklər barədə və bu xəstəliklərdən qorunma yolları ilə bağlı məlumat verməliyik. İlk növbədə anladılmalıdır ki, çətinliklərdən qaçmaq və yaxud müvəqqəti həzz naminə zərərli vərdişlərə üz tutan gənc malik olduğu bütün dəyərləri çox tezliklə ondan qoparacaq bir yola girmişdir.
1978-ci ildə meymunlar üzərində aparılan laboratoriya təcrübələri heyvanların qidadan çox kokaini üstün tutduqlarını göstərdi. Onlar aclıqdan ölənə qədər narkotikdən istifadə etmişdilər.
Hamiləlik dövründə kokain istifadə edən analardan körpələr daha az çəki ilə doğulur və beyinləri zədələnir.
Maraqlıdır ki, kokain digər qanunsuz narkotiklərdən üç dəfə çox insanın ölümünə səbəb olur. Əslində kokainin bir qramının maya dəyəri bir neçə sentdir (onun istehsalı aspirin istehsalından problemli deyil), satış qiyməti isə təxminən 100 dollardır. Bu, tətbiq edilən qadağaların qiymətidir. Məhz bu qazanc narkobaronları və narkokuryerləri insan təxəyyülünün bütün imkanlarından maksimum yararlanmağa təşviq edir. Məsələn, hazırda məktubları çatdırmaq üçün daşıyıcı göyərçinlərdən nadir hallarda istifadə olunur, lakin onlar digər vəzifələrin öhdəsindən uğurla gəlirlər. İngiltərə və Fransanın ucqar bölgələrində göyərçinlər qan nümunələrini xəstəxanalara çatdırırlar. Narkotik tacirləri isə Əfqanıstandan Pakistana heroin çatdırmaq üçün bütün göyərçin sürülərini işə salırlar.
1985-ci ildə Peru gömrük işçiləri tərkibində kokain aşkar etdikdən sonra Ekvadordan külli miqdarda balın ölkəyə idxalını dayandırdılar. Ən maraqlısı bu idi ki, dərman mexaniki şəkildə qarışdırılmamışdı. Sadəcə, bu balı əldə etmək üçün arılar koka plantasiyalarına buraxılırdı.
Niderland Krallığında marixuanadan istifadənin qanuni olmasına baxmayaraq, onun hollandlar arasında istehlak səviyyəsi çox aşağıdır. Hollandiya Avropada narkotiklə əlaqəli ölüm hallarının ən aşağı göstəricilərindən birinə (hər milyon nəfərə 8 hadisə düşür, məsələn, Böyük Britaniyada bu rəqəm 50-dir) malikdir.
Ən qədim və nüfuzlu tibb jurnallarından biri olan “Lancet” alkoqolu da ən zərərli narkotik adlandırmışdır. Alkoqol ən çox istifadə edilən narkotikdir. Spirt istifadəçiyə dəyən zərər baxımından heroin, krekin və metamfetamindən zəif olsa da, kokain, tütün, marixuana, ekstazi, LSD və bir çox digər maddələrdən daha təsirlidir. Başqalarına vurduğu ziyanı, eləcə də ümumi zərər göstəricilərini nəzərə alsaq, spirt bütün digər narkotiklərdən daha irəlidədir. Kokain və spirtin birləşməsi toksinlər yaradır və onları istifadə edən narkomanların təxminən 75%-ini öldürür.
Digər narkotiklər kimi, alkoqol da insan bədənindəki vitaminləri israf edir, qəbul etdikdən sonra özünüzü yorğun və ya xəstə hiss edirsiniz. Narkotikin hər növbəti qəbulu orqanizmdə vəziyyəti daha acınacaqlı hala salır. Alkoqolun isə asılılıq yaratdığı heç kəs üçün sirr deyildir.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı tütünü də narkotik vasitə kimi tanımışdır.
Narkomanların 5 faizi müxtəlif növ narkotiklərdən istifadə edərək, polinarkomaniyadan əziyyət çəkir. Narkotiklərin qarışıq istifadəsi narkomanların 2, toksikomanların 1,3 faizi üçün faciə ilə bitir. Narkomanların 42 faizi psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan müxtəlif xəstəliklərdən, 13 faizdən çoxu yüksək dozadan ölür. Demək olar ki, 3 faizi intihar edir. Təxminən 7 faiz yüksək doza altında olarkən qəza törədərək məhv olur.
Əhalinin, xüsusən gənclərin narkomaniyaya qurşanmasının əsas səbəblərindən biri də bazarda geniş çeşiddə və qiymətlərdə narkotik vasitələrin mövcudluğu, eləcə də onların gizli və aşkar reklamının aparılmasıdır.
Narkotik maddə istehsalının xammal bazasının məhv edilməsi üzrə işlər narkomaniyaya qarşı fəaliyyətin ən prioritet istiqamətlərindən biridir. Statistik məlumatlara əsasən, 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2909 cinayət faktı aşkarlanmışdır. Onlardan 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı qanunsuz əldə edilib saxlanılması, 12-si narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə bağlı olmuşdur. Tərkibində narkotik maddələr olan qadağan olunmuş bitkilərin qanunsuz becərilməsi və onların məhv edilməsi üçün tədbirlərin görülməməsi ilk növbədə torpaq istifadəçilərinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsinə səbəb olur.
Məlumdur ki, qarşısına “yaşıl artım” ölkəsi olmaq kimi bir vəzifə qoymuş Azərbaycanın florası və bitki örtüyü öz zənginliyi ilə fərqlənir. Ölkəmizin təbiətində qida, dekorativ, dərman və s. xüsusiyyətləri ilə seçilən bitkilər geniş yayılmışdır. Dərman xüsusiyyətlərinə malik olub insanların sağlamlığını qorumaq üçün istifadə edilən bitkilərlə yanaşı, tərkibində insan orqanizminə zərərli komponentlər daşıyanlar da vardır ki, bu qrupa narkotik bitkilər də aiddir. Qeyd etmək lazımdır ki, narkotik bitkilərin cəmiyyətə ziyanı olsa da, bitki aləmində özünəməxsus yeri vardır. Üstəlik, onların bir çoxunun tərkibində müalicəvi xüsusiyyətlərə malik maddələr (xüsusən alkaloidlər) də vardır, dünya farmakologiya sənayesində bu bitkilərdən alınan dərmanlardan geniş şəkildə müxtəlif xəstəliklərin müalicəsində – orqanizmdə olan müxtəlif bəd- və xoşxassəli şişlərin, fəsadlar törədən mikrobların məhv ediməsində, sinir xəstəliklərində, o cümlədən ağrıkəsici kimi istifadə edilir. Çətənə bitkisi Azərbaycanda hələ keçmiş dövrlərdən qida bitkisi kimi istifadə olunmuşdur.
Azərbaycan ərazisində düzənlikdən başlamış orta dağ qurşağına qədər olan müxtəlif yerlərdə narkotik bitkilərə rast gəlinir. Adətən şərq laləsi (Papaver orientalis), ziyilotu (Chelidonium majus), dəlibəng (Datura stramonium) və s. bu kimi bitkilərin çiçəkləməsi yay-payız mövsümünə təsadüf edir. Bundan başqa, xaş-xaş, hind çətənəsi (kənaf), kokain kolu, bir sıra dərman və zəhərli bitkilər narkotik tərkiblidir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçən ildən ötən dövr ərzində elmi tədqiqat müəssisələri tərəfindən bir sıra fəaliyyətlər icra edilmişdir. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü kimi bu tədqiqatları daim diqqət mərkəzində saxlamağa çalışıram.
AR ETN Botanika İnstitutunun əməkdaşları narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqlərinin aparılması məqsədilə respublikanın ayrı-ayrı bölgələrində olmuşlar. Yayılma zonalarında ekspedisiyalar zamanı bu bitkilərin aşkarlanmasında onların morfologiyasını xarakterizə edən herbari materiallarından və şəkillərdən istifadə edilmişdir. Yabanı halda bitən narkotik tərkibli bitkilərin toplanaraq məhv edilməsi, onların zərərli xassələrinin yerli əhaliyə izahatı, eləcə də əkilərək becərilməsinin, daşınması, satılması və istifadəsinin hüquqi məsuliyyət yaratması ilə bağlı təbliğat işləri davam etdirilmişdir.
Son bir ildə “Narkotik asılılıq proqramı” üzrə AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasında işlər davam etdirilmişdir. Hazırda “Dihidropirimidinazaya bənzər zülal-2 və hipokampın sinir hüceyrələrinin qeyri-histon xromatin zülalları arasında qarşılıqlı əlaqə yaranmasının öyrənilməsi” mövzusunda tədqiqat işinə başlanılmışdır. Bu mövzu serotonin modullu antikonsolidasiya zülalına (SMAZ) qarşı anticisimlər vasitəsilə narkotik asılılığın korreksiyasının molekulyar əsaslarının müəyyən edilməsi üçün vacibdir. Mövzu üzrə nəticələr alındıqca elmi və kütləvi mətbuatda işıqlandırılacaqdır.
AR ETN Dendrologiya İnstitutu narkomaniyaya qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması məqsədilə keçirilən tədbirlərdə Xəzər, Suraxanı və Sabunçu rayonlarının polis idarələri ilə əməkdaşlıq edir. AR Daxili İşlər Nazirliyinin müraciəti əsasında “Xaş-xaş” şərti adı altında aparılan fəaliyyətlər çərçivəsində institutun mütəxəssisləri tərəfindən tiryək, xaş-xaş cinsinə aid Hind, Cənubi Mançuriya, Cənubi Arxon və Cənubi Krasnodar çətənə növləri təyin edilmiş və müvafiq rəylər verilmişdir.
Orta məktəblərin yuxarı sinif şagirdləri, ali təhsil ocaqlarının (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Odlar Yurdu Universiteti və s.) tələbələri və magistrantları praktiki narkomanlığa qarşı mübarizəyə dair məşğələlərini Dendrologiya İnstitutunun təcrübə sahələrində və laboratoriyalarında keçirmişlər. İnstitutun alimləri tərəfindən narkomanlığın zərəri, narkotik vasitələr, psixotrop maddələr, narkotik tərkibli bitkilər barədə tələbələr qarşısında seminarlar keçirilmişdir. Hazırda narkomanlığın zərərləri barədə zəruri metodiki-tədris vəsaitlərinin hazırlanması və internet resurslarında yerləşdirilməsi üzrə işlər aparılır. İnstitutun əməkdaşları ümumtəhsil məktəblərində təşkil olunan maarifləndirmə xarakterli “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizləri altında təşkil olunan tədbirlərə dəvət olunaraq çıxışlar edirlər.
İnstitutda aparılan tədqiqatlar göstərmişdir ki, meşə ərazilərində, sıx yaşıllıq massivlərində və çətin reylefli ərazilərdə narkotik tərkibli bitkilərin yayılmasının qarşısını almaq üçün meşəmühafizə sistemlərinin gücləndirilməsi vacib şərtlərdən biridir. Bununla yanaşı, həmin ərazilərdə kultivasiya işləri aparılmaqla kənd təsərrüfatı əhəmiyyətli bitkilərin çoxaldılması daha məqsədyönlüdür.
23 aprel 2024-cü il tarixində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” proqramı çərçivəsində Dendrologiya İnstitutunun bir qrup alimi tərəfindən 121 nömrəli orta məktəbdə muəllim heyəti və şagirdlərin maarifləndirilməsi məqsədilə müvafiq tədbir təşkil edilmişdir.
Narkomaniyaya qarşı təbliğata çox erkən yaşlardan, həyatı, insanlığı, ananı, vətəni sevməyi öyrətməklə başlanılmalıdır. Elə bu səbəbdən də maarifləndirici tədbirlər və sosioloji sorğular ilk öncə məktəbyaşlı uşaqlar, yeniyetmələr arasında aparılmalıdır. Araşdırmalar göstərir ki, yeniyetmələrin əksəriyyəti narkomaniyanın zərərləri barədə qismən məlumatlıdır. Uşaq və gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirləri haqqında geniş maarifləndirmə aksiyalarının aparılmasına ehtiyac vardır. Hər bir şüurlu vətəndaş bu zərərli vərdişdən şəxsən kənar durmaq üçün səy göstərməli və özü də bu yolun dəhşətli nəticələri haqqında ictimaiyyət arasında təbliğat aparmalıdır. Narkomaniyaya qarşı mübarizə bir gün belə dayandırılmamalıdır və bu işdə fəal olmaq hər bir vətəndaşın təkcə hüququ deyil, həm də mənəvi və insani borcudur!
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...