22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Moskvada AQTA sədri ilə “Rosselxoznadzor”un rəhbəri arasında görüş keçirilib

12-07-2024
IMG

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər edib. 

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb. 

Görüş zamanı qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində, həmçinin cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiyanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aparılan müzakirələrdə bitki karantini və mühafizəsi, baytarlıq və fitosanitar nəzarəti, transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahələrində əməkdaşlığa dair saziş və anlaşma memorandumları diqqət mərkəzində olub.

AQTA sədri Q.Təhməzli iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində həyata keçirilən tədbirləri və onların əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb. O cümlədən transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb. Bu sahədə əlaqələrin gücləndirilməsinin və bioloji təhlükəsizliyin təmin olunmasının vacibliyini önə çəkib.

S.Dankvert AQTA ilə “Rosselxoznadzor” arasında inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. İki ölkə arasında qida təhlükəsizliyi sahəsində fəaliyyətlərin daha səmərəli təşkilinin və münasibətlərin genişləndirilməsinin Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artmasına və bu prosesə operativ nəzarətin təmin olunmasına gətirib çıxardığını diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq əldə edilən nailiyyətlərə də toxunulub. İlk növbədə iki ölkə arasında qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliliyinin tanınması və yüksək riskli qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin qeydiyyatı ilə bağlı əməkdaşlığın genişləndirildiyi bildirilib. Həmçinin Agentlik sədri ilə “Rosselxoznadzor”un rəhbərinin görüşünün nəticəsi olaraq ölkəmizdə istehsal olunan yüksək riskli qida məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı razılaşma əldə olunub.

O cümlədən görüş zamanı Naxçıvan Muxtar Respublikasında istehsal edilən yüksək riskli qida məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Muxtar Respublikada istehsal olunan bu məhsulların Rusiya Federasiyasına ixracı ilə bağlı ümumi razılıq əldə edilib. Bu isə Naxçıvan Muxtar Respublikasında qida sahəsində fəaliyyət göstərən müəssisələrin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, qida sənayesinin inkişafına geniş imkanlar yaradacaq.

Q.Təhməzli Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Rusiya Federasiyasının bir sıra institutları və elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb. Belə ki, AQTİ ilə Rusiyanın “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”i (”VNİİZJ”)  arasında əməkdaşlıq çərçivəsində  sərhədyanı  ölkələrdə təhlükəli heyvan xəstəlikləri üzrə epizootik sabitliyin təmin olunması üçün xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı epizootoloji monitorinqlərin təşkili, dabaq və quduzluq xəstəliklərinə qarşı nəzarət proqramının hazırlanması, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı elmi risk qiymətləndirilməsinin aparılması və s. sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Bu məqsədlə təşkil olunmuş təlimlərdə İnstitutun əməkdaşlarının iştirakı təmin edilib, eyni zamanda İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyası “Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəz”in təşkil etdiyi dabaq xəstəliyi üzrə səriştəlilik sınaqlarında uğurla iştirak edib.

Məmnuniyyətlə qeyd olunub ki, müvafiq institutlar arasında əməkdaşlıq çərçivəsində yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə, heyvan və insan sağlamlığının qorunması üçün birgə elmi-praktiki seminarların və təlimlərin təşkili, qida təhlükəsizliyi və epizootoloji vəziyyət, eyni zamanda ölkələrdə qüvvədə olan mövcud qanunvericilik aktları haqqında məlumat mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası əldə olunan nailiyyətləri daha da genişləndirəcək.  

Bildirilib ki, heyvan xəstəliklərinə qarşı Rusiya istehsalı olan 74 vaksin nümunəsi ölkəmizdə laborator müayinələrə cəlb edilib və uyğunluğu öz təsdiqini tapıb. Agentlik sədri sərhədyanı ərazilərdə dabaq xəstəliyinə qarşı heyvanların peyvəndlənməsi üçün Rusiya Federasiyası tərəfindən SAT-2 vaksinlərinin ölkəmizə hədiyyə edilməsi ilə bağlı təklifinə, həmçinin iki qurum arasında əməkdaşlığın inkişafında göstərdiyi səylərə və əməli fəaliyyətə görə "Rosselxoznadzor"un rəhbəri S.Dankvertə minnətdarlığını ifadə edib, görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağını bildirib. Bundan sonra da qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyini diqqətə çatdırıb.

Görüş zamanı Q.Təhməzli Rusiya Federasiyasının yeni kənd təsərrüfatı naziri Oksana Lutun təyinatının qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzulayıb.

"Rosselxoznadzor"un rəhbəri iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirərək müvafiq sahələrdə görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Paylaş: