Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Oktyabrın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəhbəri Daşdavaa Zandraanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Baş Prokuror Kamran Əliyev Prezident İlham Əliyev və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə məlumat verib.
O, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib və bu sahədə əməkdaşlığa dair Monqolustan da daxil olmaqla bir çox dövlətlə anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırıb.
Ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), həmin təşkilatın Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri müsbət dəyərləndirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror bildirib ki, iqlim dəyişikliyi milli sərhədlərə məhəl qoymayan qlobal problem olduğu üçün bu tədbirin keçirilməsi bütün ölkələr üçün vacibdir.
Daşdavaa Zandraa Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbrikini çatdırıb, qurumlar arasında cinayətkarlıqla və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...