22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Moldovada prezident seçkilərində səsvermə başa çatıb

21-10-2024
IMG

Moldovada hazırkı prezident Maya Sandunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Moldovanın 36 regionunda və xaricdəki səfirliklərdə yerli vaxtla saat 07.00-da başlayan səsvermə saat 21.00-da başa çatıb. Qutular bağlandıqdan sonra səslərin hesablanmasına başlanılıb.

Səsvermə 234-ü xaricdə, 30-u Moldova sərhədləri daxilində olan və birtərəfli müstəqilliyini elan etmiş “Dnestryanı” bölgədə, 68-i Qaqauziya Muxtariyyətində olmaqla ümumilikdə 2221 seçki qutusunda keçirilib. 

Moldova Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, xaricdə yaşayanlar da daxil olmaqla 3 milyondan çox seçicinin olduğu ölkədə seçkilərdə iştirak səviyyəsi 51,49 faiz təşkil edib.

Moldovanın Avropa İttifaqına  daxil olması üçün konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı prezident seçkiləri ilə eyni gündə keçirilən referendumda 1 milyon 228 mindən çox vətəndaş iştirak edib.

Moldova Daxili İşlər Nazirliyindən verilən açıqlamada seçkidə qanun pozuntularının olduğu və pozuntuların sayının 100-dən çox olduğu bildirilib.

Digər tərəfdən, seçkidə hazırkı prezident Sandu ilə rəqabət aparan bir çox namizəd Moldova administrasiyasını seçkidə ciddi qanun pozuntularında ittiham edib.

Moldovada prezident postu uğrunda 6-sı partiya üzvü və 5-i müstəqil olmaqla 11 namizəd mübarizə aparıb.

Onların arasında onun qurduğu hakim Fəaliyyət və Həmrəylik Partiyasından  indiki prezident Maya Sandu, həmçinin “Bizim” Partiyasından Baltsi şəhərinin keçmiş meri Renato Usatiy, “Gələcək Naminə” tərəfindən namizədliyi irəli sürülmüş Moldovanın keçmiş baş naziri Vasile Tarlev də var.

Moldovanın “İnkişaf və Birləşmə Partiyası"nın namizədi isə Moldovanın keçmiş baş naziri İon Kikudur.

Müstəqil namizədlər kimi Moldovanın keçmiş daxili işlər naziri Andrey Nastase, keçmiş gənclər və idman naziri Oktavian Tsiku, keçmiş xarici işlər naziri Tudor Ulyanovski və jurnalistlər Natalya Morar ilə Viktroiya Furtuna seçki yarışında iştirak ediblər.

Qaqauz türkləri arasında Moldova Sosialist Partiyasından namizədliyi irəli sürülmüş Qaqauz Muxtar Vilayətinin keçmiş prezidenti İrina Vlah və Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo prezidentlik uğrunda mübarizə aparıb.

Paylaş: