22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Misir qaçaqmalçılıq yolu ilə Niderlanda aparılmış üç qədim artefaktı geri qaytarıb

28-08-2024
IMG

Misirin Haaqadakı diplomatik nümayəndəlıyi qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan üç qədim artefaktı - Uşabti heykəlciyi, ilahə İsisin oyma təsviri ilə bəzədilmiş boyalı tabutun bir hissəsi və Qədim Misirin son dövrünə aid mumiyanın baş hissəsini geri qaytarıb.

Fhnews.az “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, artefaktların tapılaraq geri qaytarılması Misir hökumətinin 2014-cü ildən bəri dünyanın müxtəlif ölkələrinə qaçaqmalçılıq yolu ilə aparılmış 30 mindən çox mədəni irs nümunəsinin repatriasiyası üzrə davam edən səylərinin bir hissəsidir.

Araşdırmalar göstərib ki, bu artefaktlar müxtəlif vaxtlarda qanunsuz avropalı işbazlar tərəfindən Misirdən qaçaqmalçılıq yolu ilə çıxarılıb. Ölkənin Qədim Əsərlər üzrə Ali Şurasının (SCA) baş katibi Muhammed İsmayıl Xalid bildirib: “Bu artefaktların bərpası Misirlə Niderland arasında mədəni sərvətlərin və antik əşyaların qanunsuz ticarətinə qarşı əməkdaşlığında mühüm mərhələdir”. Onun sözlərinə görə, bu artefaktlar Haaqada bir antikvar dükanında tapılıb və iki ölkənin səlahiyyətlilərinin birgə araşdırmalarından sonra Misirə qaytarılıb.

Bu arada, Qədim Əşyaların Repatriasiya Departamentinin baş direktoru Şaban Abdel-Cavad qeyd edib ki, artefaktlar arasında yazıları olan mavi keramik Uşabti heykəlciyi, ilahə İsisin oyma təsviri ilə bəzədilmiş taxta tabutun bir hissəsi və yaxşı vəziyyətdə olan mumiyanın baş hissəsi Misirin Tarix Muzeyinə təhvil veriləcək.

Paylaş: