22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Milyonlarla insan 2024-cü ilin ilk tam Günəş tutulmasını müşahidə edib

09-04-2024

Şimali Amerika qitəsində ilin ilk tam günəş tutulmasını Meksika, ABŞ və Kanadada milyonlarla insan izləyib.Nyu Yorkun Manhetten rayonunda  da müşahidə edilən günəş tutulması Meksikanın Mazatlan şəhərində yerli vaxtla saat 11.07-də başlayarq ABŞ-nın şimal-şərqinə doğru hərəkət edib və Kanadada saat 17.16-da başa çatıb.

ABŞ-nın 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədə milyonlarla insan bu tarixi təbiət hadisəsini xüsusi günəş tutulması eynəkləri və teleskopları ilə müşahidə edib.Tam tutulma təxminən 44 milyon insanın yaşadığı Meksika, ABŞ və Kanada üzərindən 6 min 437 kilometr uzunluğunda və 186 kilometr enində bir marşrutda izlənib.

İnsanlar bu marşrut daxilində tam günəş tutulmasının şahidi olarkən, bu marşrutun xaricində də qismən tutulma müşahidə edilib.Qismən tutulma Alyaska və Havaydan başqa ABŞ-nın 48 ştatının hamısında görünüb.

Ayın Yerlə Günəş arasından keçdiyi zaman meydana gələn Günəş tutulmasını izləmək üçün milyonlarla insan tam tutulmanın baş verəcəyi bölgələrə axın edib.Meksikanın Sakit okean sahillərindən görünməyə başlayan tutulma yolu, Meksika və Texasın şimal-şərqinə doğru hərəkət edərək Nyu York və Men əyalət xəttlərindən Kanadaya doğru hərəkət edib.

Dallas, İdabel, Littler Rok, Poplar Bluff, Paducah, Carbodale, Evansville, Klivlend, Erie, Buffalo, Burlington, Lancaster və Caribou tutulmanın müşahidə edildiyi əsas şəhərlər arasında olub.

Günəş şüalarına birbaşa baxmaq göz sağlamlığına zərərli olduğundan, tutulmanı müşahidə etmək üçün infraqırmızı və ultrabənövşəyi şüaları bloklayan sertifikatlı Günəş tutulması eynəklərindən istifadə etmək tövsiyə olunub.Tutulma marşrutunun dəqiq mərkəzində yerləşən rayonlarda Ayın Günəşi tam bağlamasının müddəti 4 dəqiqə 28 saniyə olub.

Qeyd edək ki, bu ilin ikinci günəş tutulması 2 oktyabrda Çili və Argentinanın cənubunda həlqəvi Günəş tutulması şəklində baş verəcək. ABŞ-da isə növbəti tam Günəş tutulması 2044-cü ildə olacaq.

Xatırladaq ki, astronomların “atəş halqası” adlandırdıqları sonuncu Günəş tutulması 2021-ci il iyunun 10-da Şimal yarımkürəsində qeydə alınıb.

Paylaş: