22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Milli Məclisdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə keçirilib
 

20-06-2024
IMG

İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda birgə ictimai dinləməsi keçirilib.

Fhnews.az xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova erkən nikahların, qohum evliliklərinin hazırda aktual məsələlərdən olduğunu qeyd edib. O, bu məsələ ilə əlaqədar müxtəlif araşdırmaların aparıldığını, hesabatların hazırlandığını deyib, dünyada bu sahədə mövcud vəziyyətlə bağlı bəzi statistik göstəriciləri açıqlayıb. Ölkəmizdə də belə halların olduğunu bildirən komitə sədri ailə qanunvericiliyinin tənzimlənməsi istiqamətində müvafiq işlərin görüldüyünü söyləyib. Diqqətə çatdırılıb ki, məsələyə dair parlamentə qanun layihəsi daxil olub və komitə iclasında geniş müzakirə edilib.

Komitə sədri ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində güclü qanunvericilik bazasının formalaşdığını vurğulayıb. O, həmçinin ailə institutunun möhkəmlənməsi, bu sahədə olan boşluqların aradan qaldırılması istiqamətində də qanunvericiliyin davamlı olaraq təkmilləşdirildiyini qeyd edib. Hicran Hüseynova daxil olan qanun layihəsində nikah yaşının bir ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması ilə bağlı dəyişikliyin təklif edildiyini, yetkinlik yaşına çatmayanla qeyri-rəsmi nikaha daxil olan şəxs və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində məsuliyyətin nəzərdə tutulduğunu deyib. O, bununla yanaşı, yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri və evlilik mərasimlərinin keçirildiyi məkan sahibləri üçün də məsuliyyətin müəyyən edildiyini söyləyib. Layihədə, həmçinin Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan hallara dair 12-ci maddəsində aralarında nikahın bağlanmasına yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflərin irəli sürüldüyünü nəzərə çatdırıb.

H.Hüseynova 2011-ci ildə Milli Məclisin deputatı, hazırda Birinci vitse–prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Ailə Məcəlləsinə dəyişiklik edilərək nikah yaşının qadınlar və kişilər üçün 18 yaş müəyyən olunduğunu, 2012-ci ildən başlayaraq yaşı 1 yaş azaldılaraq 18 yaşadək nikaha girən qızların sayının azaldığını qeyd edib.

Komitə sədri təəssüflə bildirib ki, bütün bunlara baxmayaraq, erkən nikah, habelə qohum evlilikləri problemi bu gün də aktual olaraq qalmaqdadır. O, qeyd edib ki, bu baxımdan qanunvericiliyə edilən son dəyişikliklər ölkəmizdə ailə institutunun gücləndirilməsinə, sağlam ailə modelinin, düzgün ailə münasibətlərinin qurulmasına öz töhfəsini verəcək.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə çıxış edərək Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb. O, bu dəyişikliklərin məqsədinin yetkinlik yaşına çatmayan şəxslərin əleyhinə olan əməllərin qarşısının alınması istiqamətində cəza siyasətinin təkmilləşdirilməsindən ibarət olduğunu deyib, qanunvericilikdə erkən evliliklə bağlı nəzərdə tutulan məsuliyyət tədbirlərindən söhbət açıb.

Dinləmədə deputatlar Ceyhun Məmmədov, Vüqar İskəndərov, Tahir Kərimli, Kamilə Əliyeva, Elşən Musayev, Səhiyyə Nazirliyinin Ailə və uşaq sektorunun müdiri Aynurə Zeynalova, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə, Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev, həmin şöbənin müşaviri Əziz Baqişev, “Sağlam Həyat” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

Çıxışçılar qohum nikahlarının fəsadlarından, milli genofonda vurduğu ziyanlardan danışıb, belə nikahlardan doğulan uşaqların sağlamlıq problemlərinə, ailələrin qarşılaşdıqları çətinliklərə toxunub, erkən və qohum nikahları ilə mübarizədə maarifləndirmənin genişləndirilməsi, qanunvericiliyin sərtləşdirilməsi tədbirlərinin əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti və proqramları ilə bağlı fikirlərini bölüşüblər.

Paylaş: