Meksika cəngəlliyində Mayya sivilizasiyasına aid şəhər tapılıb
Mayyaların ən böyük şəhəri Meksikadakı cəngəllik örtüyü altında yoxa çıxdıqdan əsrlər sonra aşkar edilib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, arxeoloqlar ölkənin cənub-şərqində yerləşən Kampeçe ştatında piramidalar, idman meydançaları, əraziləri birləşdirən yollar, amfiteatrların qalıqlarını tapıblar.
Onlar bitki örtüyü altında qalmış strukturları müəyyən edə bilən radar görüntüləmə növü olan lidardan istifadə edərək, yaxınlıqdakı laquna əsasında Valeriana adlandırdıqları gizli kompleksi kəşf ediblər. O, ölçüsünə görə qədim Latın Amerikasında ən böyük Mayya məskəni sayılan Kalakmuladan sonra ikinci yerdədir.
Arxeoloq Şotlandiyanın paytaxtı Edinburq şəhərinin ərazisinə bərabər olan şəhərin kəşfini internetdə məlumat axtararkən təsadüfən edib. “Mən “Google” axtarışının 16-cı səhifəsində idim və Meksikanın ətraf mühitin monitorinqi təşkilatı tərəfindən aparılan radar çəkilişinin videosunu tapdım”, - deyə ABŞ-ın Tuleyn Universitetinin alimi Lyuk Old-Tomas izah edir.
Bu, lidar çəkilişi - minlərlə radar impulslarının təyyarədən göndərildiyi və siqnalın geri qayıtması üçün lazım olan müddətdə yeraltı obyektlərin xəritəsinin çəkildiyi uzaqdan zondlama texnikası vasitəsilə mümkün olub.
Bununla belə, Old-Tomas arxeoloqların metodlarından istifadə edərək məlumatların təhlilini apararkən başqalarının gözdən qaçırdığı detalları görüb; onun qarşısında eramızın 750-850-ci illəri arasında 30-50 minə qədər insanın yaşaya biləcəyi nəhəng qədim şəhər canlanıb. Tədqiqatçıların fikrincə, bu, hazırda həmin bölgədə yaşayan insanların sayından çoxdur.
Tədqiqatın həmmüəllifi, professor Marçello Kanutonun fikrincə, tapıntı tropiklərin sivilizasiyaların dağıldığı yer olması ilə bağlı Qərb alimlərinin təsəvvürlərini dəyişməyə kömək edir. “Əksinə, dünyanın bu hissəsi zəngin və mürəkkəb mədəniyyətlərə ev sahibliyi edirdi. Şəhərin süqutunun və son olaraq tərk edilməsinin səbəbini dəqiq bilmirik, lakin arxeoloqlar iqlim dəyişikliyinin əsas amillərdən biri olduğuna inanırlar”, -deyə alim izah edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...