22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mayın 20-si Ümumdünya Travmatologiya Günüdür

20-05-2024
IMG

Travmatologiya yara və zədələri, onların qarşısının alınması və müalicə üsullarını öyrənən elmdir. Hər il mayın 20-si travmatoloqların peşə bayramı - Ümumdünya Travmatologiya Günü kimi qeyd olunur.

Fhnews.az xəbər verir ki, travmatologiya tibbin müxtəlif sahələri ilə əlaqədardır və zədənin lokalizasiyası, yəni mexaniki təsir nəticəsində zədələnmiş bədənin və ya orqanın həmin hissəsinin, zədələnmə şəraiti, habelə onun mümkün nəticələri, xəstənin ümumi vəziyyətini, xroniki xəstəlikləri, əks göstərişləri və sair araşdırır. Septik, irinli, yanıq cərrahiyyəsi, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər tibb sahələri travmatologiya ilə sıx bağlıdır.

Adi insanlarda travmatologiya, ilk növbədə, dayaq-hərəkət sistemindəki xəsarətlərlə assosiasiya olunur. Bu da təsadüfi deyil. “Travmatoloji məntəqə” sözünü çoxları eşidib, bəziləri isə hətta orada olublar. İnsanlar həmin məntəqələrə yıxılma, zərbəalma nəticəsində əl-ayaqda çıxıq, sınıq, əzik və digər xəsarətlər baş verəndə müraciət edirlər. Bu baxımdan, travmatologiya, dayaq-hərəkət sistemi xəstəliklərinin qarşısının alınması və müalicəsi ilə məşğul olan müvafiq tibb sahəsi - ortopediya ilə sıx bağlıdır. Təsadüfi deyil ki, bu sahədə çalışan həkimlərin ixtisası ortoped-travmatoloq adlanır.

Tarix və arxeologiya belə ehtimala əsas verir ki, hələ qədim zamanlarda adamlar əl-ayağın, hətta cənə sümüyünün sınığını bitişdirmək üçün cərrahi əməliyyatlar aparıb, zədələnmələrin fəsadlarını müalicə edirmişlər. Arxeoloq alimlərin tapıntıları arasında qədim dövrlərdə həkimlər tərəfindən istifadə olunduğu güman edilən tibb alətləri də var. Zədələnmələrin müalicəsi ilə bağlı məlumatları isə ilk dəfə Hippokrat sistemləşdirməyə cəhd göstərib.

Travmatologiyada, xəsarətin xarakterindən asılı olaraq, konservativ və cərrahi müalicə üsulları - fiksasiya, o cümlədən gips sarğısının qoyulmasından, dartılma üçün xüsusi cihazların quraşdırılmasından başlamış mürəkkəb cərrahi əməliyyatlara qədər tətbiq olunur.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 1946-cı il martın 11-də hərbi hospitalın bazasında yaradılıb. İnstitutda Poliklinika, Təcili və təxirəsalınmaz tibbi yardım, Ortopediya, Travmatologiya, Əl cərrahiyyəsi və yaralar, Uşaq travmatologiyası və ortopediyası, Artroplastika və artroskopiya, Radiologiya, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Fizioterapiya, Laboratoriya və sair şöbələr fəaliyyət göstərir. Müəssisədə elmi istiqamətdə Metodik təşkilat və Elmi-tibbi informasiya şöbələri mövcuddur.

Paylaş: