22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi davam edir

16-08-2024
IMG

Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün avqustun 13-dən təşkil olunan ‘’Ənənə” yay düşərgəsi davam edir. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, “Bakcell”in baş sponsorluğu, “ALPHA FLY Academy” və Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətinin dəstəyi ilə keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 18-22 yaş aralığında 50 nəfərədək şəhid övladının iştirak etdiyi düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda təşkil olunur.

Düşərgənin ikinci günü Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən iştirakçılar üçün müxtəlif idman oyunlarının nümayişi və təlimi, “Dinamo” tərəfindən “Airsoft praktiki atəş” təlimi, atıcılıq üzrə yarış və straykbol oyunu, həmçinin oxatma təlimi və turniri keçirilib. Atıcılıqda yüksək nəticə göstərən iştirakçılar “Dinamo” tərəfindən mükafatlandırılıblar.

Düşərgədə “Bakcell” tərəfindən keçirilən "Müasir bacarıqlar və innovasiya" adlı təlimdə iştirakçılara gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsi üçün texnologiya və innovasiyanın rolu izah edilib. Ardınca “ALPHA FLY Academy” tərəfindən paradlinq praktiki təlimi keçirilib. Növbəti təlim isə dağçılıqla bağlı olub. İştirakçıların Cavad Xan zirvəsinə yürüşü təşkil olunub.

Avqustun 18-dək davam edəcək düşərgənin əsas məqsədi vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib. Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

Paylaş: