“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” mövzusunda respublika elmi konfransı keçirilib
İyulun 2-də AMEA-da Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” mövzusunda respublika elmi konfransı keçirilib.
Fhnews.az Akademiyaya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq 2022-ci ildə Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və bu il Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında isə Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verib. O, bu qərarın müsəlman dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti olduğunu vurğulayıb.
Direktor qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan bu qala şəhərinin tarixi şöhrəti özünə qaytarılır.
Ərtegin Salamzadə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərini xatırladaraq, bu xoş xəbərin indi də qulaqlarda əks-səda verdiyini vurğulayıb. Qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi İslam dünyası tərəfindən də yüksək dəyərləndirilir.
“Qarabağın incisi, Azərbaycanın göz bəbəyi, xalqımızın qədim tarixini özündə yaşadan Şuşa - mədəniyyətimizin mərkəzi, milli incəsənətimizin beşiyidir”, - deyən alim bu qədim şəhərin tarixi, musiqi mühiti və mədəniyyətindən ətraflı bəhs edib. Bildirib ki, milli memarlıq üslubu ilə seçilən, orta əsr şəhərsalma sənətinin qiymətli abidəsi hesab edilən Şuşa həm də özünəməxsus memarlığı ilə fərqlənir. Azərbaycanın mədəniyyət məbədi olan bu qədim şəhər tarixi abidə, nadir və təkrarsız sənət incisidir.
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Şərqin konservatoriyası, muğamımızın beşiyi adlanan Şuşanın təsviri incəsənət və dekorativ tətbiqi sənət ənənələri ilə də məşhur olduğunu söyləyib. O, Şuşa şəhərinin tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən biri olduğunu vurğulayıb, həmçinin burada şəbəkə sənətinin bədii məktəbinin formalaşdığını qeyd edib.
Direktor, eyni zamanda institutun şöbə müdiri akademik Zemfira Səfərovanın “Azərbaycanın musiqi qalası – Şuşa” kitabının ərəb dilində Əlcəzairdə nəşr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu nəşrdə Şuşanın Azərbaycan, Şərq və bütövlükdə dünya mədəniyyəti üçün əhəmiyyətindən söz açılır, burada Azərbaycanın görkəmli musiqiçiləri, bəstəkarları və ifaçılarının yetişməsi haqqında ərəb ictimaiyyətinə müfəssəl məlumat verilir.
Tədbirdə professor Sevil Fərhadova “Şuşa mədəniyyətində muğam yaradıcılıq prosesində “ritmik həyat dairələri”nin yaşanması”, s.ü.f.d. Ramil Quliyev “Mir Mövsün Nəvvab: Azərbaycan art-terapiyasının banisi kimi”, s.ü.f.d., dos. Aslan Xəlilov “Şuşalı memar Kərbəlayi Səfixan Qarabağinin həyat və yaradıcılığı”, s.ü.f.d. Afaq Hüseynova “Məşhur şuşalılar silsiləsində - Böyükağa Hüseynov”, s.ü.f.d., dos. Nərminə Ağayeva “Şuşa ədəbi-mədəni mühitində maarif və mədəniyyətin yeni ənənələri”, s.ü.f.d. Nəzmin Cəfərova “Şuşada müasir muzey quruculuğu: muzeylər “yaşıl dünya”nın keşiyində” adlı məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin “XXI əsrdə nəşr edilən Şuşa haqqında tarixi kitablar”, “Heydər Əliyevin Şuşa fəaliyyəti”, “İslam mədəniyyətinin paytaxtı Şuşada müasir mədəni inkişaf”, “Şuşa regionunun mövcud mədəni turizm potensialı”, “Şuşa muğam məktəbinin ikişaf yolları”, “Müasir Qarabağ mədəni mühitinin yeni reallıqları” mövzusunda məruzələr dinlənilib.
Məruzələrdə Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşanın tarixi keçmişindən, ədəbiyyat, musiqi və incəsənətimizə böyük töhfələr vermiş şuşalı sənətkarların zəngin irsindən, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlərdən, Qafqazın mədəniyyət tarixində Şuşa şəhərinin yerindən bəhs olunub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...