“Silk Way West Airlines” şirkəti COP29 tədbirinin tərəfdaşı olacaq
Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti COP29-un hava nəqliyyatı ilə qlobal yük daşımaları üzrə tərəfdaşı olacaq. Bu isə “Silk Way West Airlines” aviaşirkətinin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, logistika sahəsində mürəkkəb tapşırıqların həyata keçirilməsi üzrə zəngin təcrübəyə malik olan və qlobal yük daşımaları sahəsində Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı avia yükdaşıma şirkətlərindən olan “Silk Way West Airlines” COP29 Azərbaycan Əməliyyat Şirkətinin avia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib. İri qabaritli və mühüm yüklərin hava nəqliyyatı ilə daşınması sahəsində ixtisaslaşan və 500 min tondan artıq illik yük dövriyyəsinə malik “Silk Way West Airlines” aviaşirkəti Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikanı əhatə edən 40-dan çox marşrut üzrə kompleks yükdaşıma xidmətlərini təklif edir. Həmin tərəfdaşlıq “Silk Way West Airlines” aviaşirkətinin dayanıqlılıq, səmərəlilik və qlobal əməkdaşlıq kimi əsas dəyərlərini əks etdirir və onun ekoloji təsirlərini minimuma endirmək əzmini daha da gücləndirir.
Yaradılan bu imkandan istifadə etməklə, COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,5° C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində mühüm və həlledici rol nümayiş etdirə bilərlər.
Yaşıl Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.
Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, qarşılıqlı əlaqələrin qurulması imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.
Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və qarşılıqlı əlaqələrin qurulması imkanlarını təklif edir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşların elan edilməsi ilə bağlı deyib: “Biz böyük məmnuniyyətlə bildiririk ki, “Silk Way West Airlines” aviaşirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin avia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib. Həmin konfrans qlobal iqlim sazişlərinin irəliləməsi, uzaqgörən iqlim strategiyalarının reallaşdırılması və daha yaşıl gələcək naminə beynəlxalq əməkdaşlığın artırılması üçün unikal platforma təklif edən transformativ tədbirdir. “Silk Way West Airlines” aviaşirkəti ilə əməkdaşlığımız COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərimizə nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir və iqlim sahəsində mühüm nailiyyətlər əldə etmək üçün birgə çalışmaq imkanı bizi ruhlandırır”.
“Silk Way West Airlines” aviaşirkətinin prezidenti Zaur Axundov COP29-un tərəfdaşı olduqlarını bəyan edərkən bildirib: “Biz COP29-un qlobal avia yükdaşımaları üzrə tərəfdaşı olmaqdan qürur duyuruq. “Silk Way West Airlines” aviaşirkətində gördüyümüz hər bir işin mərkəzində dayanıqlılıq dayanır və bu tərəfdaşlıq yüklərin hava nəqliyyatı ilə daşınması zamanı ətraf mühitə dəyən təsirləri azaltmaq əzmimizi əks etdirir. Bu əlamətdar tədbirdə iştirak etməklə, biz qlobal logistika sənayesi üçün daha yaşıl gələcəyə töhfə vermək və Azərbaycanın ekoloji məqsədlərini dəstəkləmək niyyətindəyik”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...