22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Sıfır Tullantı” Layihəsi çərçivəsində COP 29 sərgisində  pavilyon  açılacaq

09-11-2024
IMG

“TRT Haber”in verdiyi məlumata görə, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduği Heydər Əliyev Fondu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP 29) 29-cu Tərəflər Konfransında birgə pavilyon açacaq.

“Həmrəylik Mərkəzi” adlı birgə pavilyon COP 29-un ictimai “Yaşıl ərazi”sində yaradılacaq və onu həm konfrans iştirakçıları, həm də özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri ziyarət edə biləcəklər. 

“Sıfır Tullantı Layihəsi” pavilyonda tullantıların idarə edilməsi və təkrar emalı, ekoloji maarifləndirmə proqramları və innovativ həllər sahələrindəki layihələrini təqdim edəcək. Heydər Əliyev Fondu təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri, ətraf mühitin mühafizəsi təşəbbüsləri ilə bağlı fəaliyyətini də ictimaiyyətlə bölüşəcək.

Pavilyonda hər iki qurumun layihələri ilə bağlı interaktiv sahə də yaradılacaq.

Qeyd edək ki, Türkiyənin iqlim böhranı ilə mübarizədə flaqman layihəsi olan “Sıfır Tullantı Layihəsi” 2017-ci ildə ölkənin birinci xanımı Əminə  Ərdoğanın himayəsi altında ekoloji mövzularda maarifləndirmə və davamlı inkişaf prinsiplərinə uyğun olaraq tullantılara nəzarət etmək məqsədi ilə həyata keçirilib.

Qlobal marka halına gələn və bütün dünyanın nümunə götürdüyü ekoloji hərəkat və iqtisadi dövr modeli halına gələn layihə ilə 2035-ci ildə bütün təkrar emal edilə bilən tullantıların yüzdə 60-nın təkrar emal edilməsi hədəflənir.

Paylaş: