22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirilib

27-06-2024
IMG

İyunun 27-də Sosial Tədqiqatlar Mərkəzi (STM) “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirilib.

Fhnews.az xəbər verir ki, tədbirdə E.Giddens ve F.Sattonun “Sosiologiyada əsas anlayışlar” kitabının Azərbaycan dilində nəşri təqdim edilib.

Tədbirin moderatoru Etibar Məmmədov müasir dövrdə hər bir cəmiyyətin qlobal çağırışlar qarşısında strateji hədəflərini müəyyən etməli olduğunu söyləyib.

STM-nin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qlobal çağırışlara cavab verərkən müasir elmi inkişafın vacibliyini vurğulayıb. Qeyd edib ki, müasir dünyada getdikcə sürətlənən sosial dəyişikliklər son illərdə yeni mərhələyə qədəm qoymaqdadır. Bəşəriyyətin qlobal çağırışları geniş və çoxşaxəli olmaqla ekologiya, energetika, sosial təminat və müdafiə, demoqrafiya kimi uzunmüddətli strategiyalar tələb edən problemləri əhatə edir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa elmi-akademik və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması, dünyanın gələcəyi naminə kollektiv məsuliyyətinin inkişaf etdirilməsinin zəruriliyindən söz açıb.

Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə müasir dövrdə sosial elmlərin metodoloji və ümumfəlsəfi aspektlərinə toxunub.

Sonra qonaqlara Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən “Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim olunub.

Azərbaycan dilində nəşrin redaktoru və tərcüməçilərindən biri, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə məruzəsində diqqətə çatdırıb ki, qlobal çağırışlar həm ictimai, həm də təbii prosesləri əhatə etsə də, bu problemlərin uzunmüddətli həlli yolları, fəsadlarının qarşısının alınması sosial elmlərin nailiyyətlərini və potensialını tətbiq etməklə mümkündür.

Digər çıxış edənlər qlobal və lokal xarakterli problemlərin həlli yolları barədə perspektivlərdən söz açıb, təqdim olunan sosioloji terminlər lüğətinin müvafiq sahədə təhsilin təkmilləşdirilməsi üçün vacibliyini, terminologiyanın geniş spektrini əhatə etdiyini vurğulayıblar.

Paylaş: