22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib

20-09-2024
IMG

Bakıda keçiriləcək COP29 tədbirinin iki yeni rəsmi tərəfdaşı elan olunub. Bunlar sinerji tərəfdaşı “NEQSOL Holding” və tekstil üzrə tərəfdaş “GİLTEX” şirkətləridir. Bu tərəfdaşlıq hər iki müəssisənin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib.

“NEQSOL Holding” və “GILTEX” şirkətləri Azərbaycanın Milli Öhdəlik Proqramında aktiv iştirak edir. Sözügedən proqram çərçivəsində qarşıya qoyulmuş məqsədlərdən biri iqlim məqsədlərinə nail olmaq, gələcək Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) strategiyalarını formalaşdırmaq və yerli tərəfdaşlıq meyarlarının tələblərinə cavab verə bilmək üçün bu şirkətlərin daxili potensiallarını qiymətləndirməkdir. COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil olunan məsləhətləşmələr və təlim sessiyalarında iştirak etməklə şirkətlər səriştələrini artırmaq, resursların idarə edilməsini optimallaşdırmaq və ölkənin iqlim ambisiyalarına töhfə vermək sahəsində çalışırlar.

“NEQSOL Holding” şirkətlər qrupu telekommunikasiya, enerji, texnologiya və tikinti də daxil olmaqla, müxtəlif sahələrdə fəaliyyət göstərir. Sözügedən şirkətlər qrupu 11 ölkəni (Azərbaycan, Niderland Krallığı, Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, BƏƏ və s.) təmsil edən 12 000-dən çox əməkdaşı ilə bütün dünyada 25 milyon müştəriyə xidmət göstərir. COP29 tədbiri “NEQSOL Holding” şirkətlər qrupuna iqlim dəyişmələri ilə bağlı qlobal təşəbbüslərə səmərəli töhfə vermək üçün qlobal liderlərlə əməkdaşlıq etmək, bilik mübadiləsi aparmaq və innovativ həll variantlarını müzakirə etmək imkanı yaradır.

Azərbaycanda və Cənubi Qafqaz regionunda fəaliyyət göstərən “GILTEX” MMC Azərbaycan pambığından hazırlanan tekstil məhsulları istehsal edir. Şirkətin istehsal müəssisələrinə iplik, tikiş, tibbi maska fabrikləri, eləcə də 2 toxuma və 2 boya fabriki daxildir. Rəsmi tekstil üzrə tərəfdaş olaraq, “GILTEX” şirkəti tekstil sənayesi çərçivəsində dayanıqlılıq və ətraf mühitin mühafizəsi üzrə əməkdaşlığın inkişafına töhfə verəcək.

Yaradılan bu imkandan istifadə etməklə, COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu nümayiş etdirə bilərlər.

Yaşıl Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlimə mənfi təsir göstərməyən məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada, həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, qarşılıqlı əlaqələrin qurulması imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bu imtiyazlar əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını təklif edən bir sıra ikitərəfli və çoxtərəfli görüş otaqları ilə tamamlanacaq.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP29-un yeni tərəfdaşlarının elan edilməsi ilə bağlı bunları qeyd edib: “Böyük məmnuniyyətlə bildirirəm ki, “NEQSOL Holding” şirkətlər qrupu Azərbaycanda keçiriləcək COP29 tədbirinin Yaşıl Zonasının rəsmi sinerji tərəfdaşı, “GILTEX” şirkəti isə tekstil üzrə rəsmi tərəfdaşı təyin edilib. Bu il Bakıda keçiriləcək COP29 tədbiri həm dayanıqlı, həm də davamlı gələcək üçün qlobal iqlim siyasətləri üzrə danışıqlar aparmaq, iqlim fəaliyyətlərini təşviq etmək və beynəlxalq əməkdaşlığı artırmaq baxımından mühüm forum olacaq. “NEQSOL Holding” və “GILTEX” şirkətləri COP29-da bu məqsədə nail olmağımıza kömək edəcək. Konstruktiv iqlim fəaliyyətləri naminə bu şirkətlərlə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik”.

“NEQSOL Holding” şirkətlər qrupunun baş icraçı direktoru Yusif Cabbarov isə COP29-un tərəfdaşı olduqlarını elan edərkən bildirib: “COP29 ilə tərəfdaşlıq “NEQSOL Holding” şirkətlər qrupunun dayanıqlılıq və iqlim fəaliyyətləri üzrə öhdəliyini əks etdirir. “Nobel Energy” şirkətlər qrupunun günəş enerjisi üzrə investisiyaları, “Audubon Companies” şirkətinin təmiz enerji və karbon uducu texnologiyaları, “Norm” şirkətinin “Net Zero Accelerator” təşəbbüsündə iştirakı və telekommunikasiya qrupumuzun həyata keçirildiyi qlobal rəqəmsal bağlantı layihəsi də daxil olmaqla, biz filiallarımız tərəfindən idarə olunan böyük layihələr vasitəsilə hədəflərimizə doğru irəliləyirik. Daha dayanıqlı gələcək qurmaq üçün COP29 ilə əməkdaşlıq etməkdən məmnunuq”.

COP29 ilə tərəfdaşlığını şərh edən “GİLTEX” Müşahidə Şurasının sədri Con Yanq Simpson bunları qeyd edib: “Tekstil üzrə tərəfdaş kimi COP29 ilə əməkdaşlıq etmək “GP Cotton Holdings” MMC-nin filialı olan “GİLTEX” şirkəti üçün əhəmiyyətli mərhələdir. Bu, pambıq sənayesi çərçivəsində bizim dayanıqlılıq və iqlim fəaliyyəti üzrə öhdəliyimizi nümayiş etdirir. Bu əməkdaşlıq bizə ətraf mühitin mühafizəsini və sosial məsuliyyəti daha da gücləndirərək iqlimə mənfi təsir göstərməyən kənd təsərrüfatını təşviq etməyə imkan verir”.

Azərbaycanda keçiriləcək COP29 tədbirinin Yaşıl Zonasında iştirak etmək və tərəfdaş olmaq hələ də mümkündür.

Yaşıl Zona haqqında əlavə məlumat: COP29 Green Zone | 11 - 22 November 2024

Paylaş: