22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Massiv ulduzların təkamül xüsusiyyətləri” – rəsədxanada ustad dərsi

14-10-2024
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurası gənc tədqiqatçılar üçün növbəti ustad dərsi təşkil edib.

Rəsədxanadan verilən məlumata görə, Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov “Massiv ulduzların təkamül xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda massiv ulduzların hər zaman astronomlar üçün diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, bunun ən önəmli səbəblərindən biri həmin ulduzların müasir astrofizikanın əsas obyektlərindən biri olan qara dəliklərin və neytron ulduzların törədiciləri olmasıdır. Belə ki, massiv ulduzlar təkamülün sonunda ifrat yeni kimi partlayır və başlanğıc kütlələrindən asılı olaraq qara dəliyə, yaxud neytron ulduzuna çevrilir. Onların ifrat yeni kimi partlaması nəticəsində yerləşdikləri qalaktika ağır kimyəvi elementlərlə zənginləşir və bunun nəticəsində qalaktikada sonrakı ulduzəmələgəlmə prosesləri üçün mühüm şərait yaranır. Beləliklə, massiv ulduzlar qalaktikaların təkamülündə əsaslı rol oynayır.

Massiv ulduzlar həm də çox uzaq məsafələrdə yerləşən qalaktikalar barədə mühüm informasiya mənbəyidir. Bu ulduzlar yüksək işıqlılığa malik olduqları üçün onları çox uzaq məsafələrdən də müşahidə etmək mümkündür.

Məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

Paylaş: