“Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özü tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.
“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...