22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Google” kosmosdan metanın xəritələşdirilməsi missiyasına qoşulur

15-02-2024

Texnologiya nəhəngi “Google” şirkəti dünya üzrə metan səviyyələri ilə bağlı məlumatları toplayacaq və mart ayından həyata keçiriləcək peyk layihəsini dəstəkləyir. Yeni peyk sutkada 15 dəfə Yer ətrafında 300 mil məsafədə orbitə çıxacaq.

Fhnews.az BBC telekanalının saytına istinadla xəbər verir ki, alimlər metan qazının qlobal istiləşməyə böyük təsirinə inanırlar, çünki o, istiliyi saxlayır. Əkinçilik və tullantıların utilizasiyası nəticəsində çoxlu metan istehsal olunur, lakin “Google” şirkətinin layihəsi neft və qaz zavodlarında metan emissiyalarına diqqət yetirəcək.

Neft və qaz hasil edən firmalar mütəmadi olaraq metan qazı emissiya edir. Yeni layihə “Google” ilə qeyri-kommersiya qlobal iqlim qrupu olan Ətraf Mühitin Mühafizəsi Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Peyk tərəfindən göndəriləcək məlumatlar texnoloji nəhəngin süni intellekt alətləri tərəfindən emal olunacaq və dünya üzrə neft-qaz infrastrukturunda böyük həcmdə metan sızmasını müəyyən etməyə yönəlmiş xəritənin yaradılması məqsədilə istifadə ediləcək. Ancaq firma əhəmiyyətli bir sızma aşkar edərsə, bunun üçün məsul olan infrastruktura sahib olan şirkətə xüsusi məlumat verməyəcək.

“Google” bildirir ki, onun əsas məqsədi bu sahədə məlumatı əlçatan etməkdir. Belə ki, hökumətlər və tənzimləyicilər ona çıxış əldə edə biləcəklər, amma emissiyaya hər hansı dəyişiklik etmək onların səlahiyyətində olacaq.

Hazırda metan emissiyalarına nəzarətlə bağlı heç bir beynəlxalq qayda yoxdur. Avropa İttifaqı onların azaldılmasına yönəlmiş, o cümlədən neft və qaz operatorlarının sızmaların təmirinə məcbur edilməsini nəzərdə tutan bir sıra təklifləri razılaşdırıb. Kömür sektorunda 2025-ci ildən üzv dövlətlərdə məşəldə metan yandırma qadağan ediləcək.

“Google”un “Earth Engine” bölməsində dərc olunacaq xəritə real vaxt rejimində olmayacaq, məlumatlar peykdən bir neçə həftədən bir geri göndərilir.

Paylaş: