22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Divanü-lüğat-it-türk” - 950

04-03-2024

Özbək əsilli məşhur Azərbaycan alimi 30-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

Fhnews.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, o, bu kitabın tərcüməsinə və “əksinqilabi pantürkist təşkilatın üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq, 1937-ci ildə güllələnməyə məhkum edilmişdir. Təhlükəsizlik orqanları evində axtarış aparan zaman “Divan” üzə çıxmamış, itmiş hesab olunmuşdur.

86 il sonra - 2023-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli institutun arxivindən tapıb. 

AMEA Rəyasət Heyətinin qərarı ilə 3 cild olmaqla “Divanü-lüğat-it-türk” kitabının Dilçilik İnstitutunda çapa hazırlandığı barədə məlumat verilmişdir. Kitabın nəşri institutun direktoru, Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun fəxri üzvü professor Nadir Məmmədlinin rəhbərliyi ilə həyata keçirilmişdir. “Ön söz”ün müəllifi AMEA prezidenti akademik İsa Həbibbəyli, giriş söz və şərhlərin müəllifi, kitabın tərtibçisi Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, elmi redaktoru prof. Dr. Osman Mert olan “Divanü lüğat-it-türk”ün I cildi çap olunub.

Paylaş: