22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Latviyada qasırğa ciddi fəsadlar törədib

29-07-2024
IMG

Latviyada “Kirsti” qasırğası nəticəsində elektrik-kontakt şəbəkələrinə ziyan dəydiyinə görə iyulun 29-da dəmir yolu xəttinin Olayne-Yelqava hissəsində və Yurmala istiqamətində qatarların hərəkəti dayandırılıb.

Fhnews.az LETA agentliyinə istinadla xəbər verir ki, Riqada güclü külək ağacları yıxıb və bir çox yerlərdə iri gölməçələr əmələ gəlib. Dövlət Yanğından Mühafizə və Xilasetmə Xidməti güclü yağışla əlaqədar paytaxtda qırmızı xəbərdarlıq səviyyəsini yerli vaxtla saat 18:00-dək saxlayacaq.

Böyük ərazilərin, daşınmaz əmlakın və nəqliyyat infrastrukturunun su altında qalacağı, yolların keçilməz hala düşəcəyi gözlənilir. Bu ölkədə elektrik və su təchizatının, habelə telekommunikasiyanın kəsilməsi riski də yüksəkdir.

Bildirilir ki, bazar ertəsi günü gecə saatlarında ölkənin cənubundakı Zemqale bölgəsində güclü yağış və külək nəticəsində 2 minə yaxın elektrik kəsintisi baş verib.

Proqnozlara görə, təbii fəlakət ən çox Riqa körfəzinin cənub sahillərinə və Zemqaleyə zərər vuracaq. Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzinin məlumatına əsasən, bazar günü günortadan sonra bazar ertəsi səhər saat 5-ə qədər ən çox yağıntı miqdarı Kalntsiems kəndində qeydə alınıb; burada həmin göstərici 180 millimetr və ya 203 faizə çatıb ki, bu da iyul ayının bütün norması və illik normanın 26 faizi deməkdir. Təbii fəlakətin tüğyan etməsi nəticəsində Riqa körfəzinin cənubunda və bəzi çaylarda suyun səviyyəsi sürətlə qalxır.

Sinoptiklər bildirirlər ki, qeyri-sabit hava şəraitinə mərkəzi Belarusun şimalında yerləşən güclü siklon səbəb olub.

Paylaş: