Latviya Universitetində Azərbaycan poeziyası və fəlsəfəsinə dair konfrans keçirilib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli Riqada Latviya Universitetinin Asiya tədqiqatları bölməsində keçirilən “Azərbaycan - elm və poeziyanın kəsişmə yolu” adlı beynəlxalq elmi konfransda “Azərbaycan poeziyası və fəlsəfəsi orta əsrlərdə mədəniyyətlərarası əlaqələrdə” mövzusunda çıxış edib.
Fhnews.az science.gov.az saytına istinadən xəbər verir ki, konfransda Latviya Universitetinin Şərq-Qərb Mədəniyyətlərarası Araşdırmalar üzrə bakalavr proqramının rəhbəri, Asiya Tədqiqatları kafedrasının müdiri professor Kaspars Klavinş, universitetin həmin sahə üzrə bir sıra yüksəkixtisaslı tədqiqatçıları, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru Əzizağa Nəcəfov (onlayn), həmin institutun şöbə müdiri dosent Aynur Nəcəfova (onlayn), Azərbaycan İlahiyyat İnstitutunun dosenti Aliyə Mürsəlova, Pakistandan İslamabad Beynəlxalq İslam Universitetinin professoru Şah Seyid Rəhim (onlayn) Şərq-Qərb mədəniyyətlərinin kəsişməsində tarix boyu əhəmiyyətli rol oynayan Azərbaycan poeziyası və fəlsəfəsinin görkəmli nümayəndələri, o cümlədən Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Şihabəddin Sührəverdi, İmadədin Nəsimi, Mahmud Şəbüstəri, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Xurşidbanu Natəvan və başqa mütəfəkkirlərin irsinə dair maraqlı məruzələr ediblər.
Konfransda, o cümlədən Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov çıxış edərək Latviya Universitetinin ölkələrimiz arasında elmi-mədəni əlaqələrin inkişafında göstərdiyi səyləri yüksək qiymətləndirib.
Azərbaycan tədqiqatçıları müzakirələrdə latviyalı həmkarları ilə fikir mübadiləsi aparıb, elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün məsləhətləşiblər. Eynulla Mədətli 2010-cu ildə tərtib etdiyi və İslamabadda ingilis dilində nəşr olunan “Azerbaijan Poetry - a drop in the Ocean” (Azərbaycan poeziyası – dəryadan damla) kitabını və onun elektron mətnini Latviya Universitetinin Asiya Tədqiqatlar Departamentinə təqdim edib. Bu kitabda “Kitabi-Dədə Qorqud”dan bu yana Azərbaycan poeziyasının seçmə nümunələri ingilis dilində oxuculara təqdim edilir. Kitabda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Azərbaycan bədii-fəlsəfi fikrinin əsas mərhələləri və nümunələri, Azərbaycan poeziyasının zəngin tarixi və özəllikləri barədə geniş müqəddiməsi yer alıb.
Konfransın gedişində E.Mədətli Latviya Universitetində Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə yaradılmış Azərbaycan İnformasiya Mərkəzində olub, Fəlsəfə və Sosiologiya İnstitutunun son nəşrlərindən bir neçəsini mərkəzə təqdim edib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...