22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Konstitusiya Məhkəməsində beynəlxalq müşahidəçilərlə seçki prosesi ilə bağlı ümumi məsələlər müzakirə olunub

06-02-2024

Fevralın 6-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı sədr Fərhad Abdullayev ölkəmizdə seçki prosesinin ildən-ilə müasirləşdiyini qeyd edib. O, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı Konstitusiyada və qanunlarda təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, MDB Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin rəyləri və təklifləri seçki prosesi üçün əhəmiyyətlidir.

MDB Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri təqdim olunan məlumata görə təşəkkürünü ifadə edərək, öz fəaliyyəti və məqsədləri barədə danışıblar. Beynəlxalq müşahidəçilər bildiriblər ki, seçkilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycanda qarşıdakı növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Görüş zamanı seçki prosesi ilə bağlı hüquqi məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Paylaş: