22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

05-11-2024
IMG

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva etdiyindən dövlət təltiflərinin talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Paylaş: