22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kambocada bu ilin birinci yarısında 7058 denge qızdırması qeydə alınıb

23-07-2024
IMG

Kambocada 2024-cü ilin birinci yarısında 7058 denge qızdırması hadisəsi qeydə alınıb.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Kambocanın səhiyyə rəsmisi məlumat yayıb. Bildirilib ki, yoluxma sayı keçən illə müqayisədə təxminən on faiz artıb.

Milli Denge Nəzarət Proqramının meneceri, Parazitologiya və Malyariyaya Nəzarət Milli Mərkəzinin direktor müavini Leanq Ritea xəstəliklə mübarizə üçün 160 tondan çox abate (sürfələri öldürmək üçün kimyəvi maddə) hazırlandığını açıqlayıb. O bildirib ki, valideynlər övladlarının denge qızdırmasına yoluxmasından şübhələndikləri halda, 48 saat ərzində xəstə uşaqlarını sağlamlıq mərkəzlərinə və ya dövlət xəstəxanalarına aparmalıdırlar. Ritea, həmçinin insanları xəstəliyin ev şəraitində müalicəsinin çətin olduğunu vurğulayaraq, evlərinin ətrafındakı gölməçələrin ağcaqanad mənbəyi olduğunu bildirib. O, həmin gölməçələrin qurudulmasını tövsiyə edib.

Qeyd edək ki, denge qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.

Paylaş: