22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günüdür

17-06-2024
IMG

Hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılıb, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanılıb və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülüb.

Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.

Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib Vətənə qayıdıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur.

Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.

Səhiyyə Nazirliyi tərəfindən son illər elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadəsi sair istiqamətlərdə mühüm addımlar atılıb. Bundan əlavə, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir. Həmçinin, nazirliyin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” istifadəyə verilib.

Son dörd ildə Azərbaycan tibb işçiləri iki sınağdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Digər imtahan isə işğal olunan ərazilərimizin azad edilməsi üçün 44-günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaş olub. Azərbaycanın tibb işçiləri ordusu hər bir yaralının xilası, normal həyata qayıtması uğrunda güvvələrini səfərbər edərək yüksək əzmkarlıqla şücaət göstərdilər və bu gün də çalışmaqdadırlar.

Əfsuslar olsun ki, həkimlik andına sadiq qalan, hər bir xəstənin, yaralının həyatına öz həyatı kimi münasibət bəsləyən tibb işçilərimiz arasında həm pandemiya dönəmində, həm də Vətən müharibəsində itkilərimiz olub. 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Hippokrat andı içən şərəfli peşə sahibləri, fədakar tibb işçiləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

Paylaş: