22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İyulun 22-si Ümumdünya Beyin Günüdür

22-07-2024
IMG

İnsanın fəaliyyəti, işgüzarlığı, istedadı, dünyagörüşü, ağlı, düşüncəsi, yaradıcılıq qabiliyyəti bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil edən milyonlarla hüceyrə, toxuma və üzvlərin - sistemlərin qarşılıqlı əlaqələri və yararlı iş əmsalları beyin vasitəsilə tənzim olunur. Görmə, eşitmə, qoxu, dadbilmə və digər vacib hissiyyatların dərk edilərək müvafiq cavab reaksiyalarının verilməsi də beyinin fəaliyyətindən asılıdır.

Fhnews.az xəbər verir ki, beyinlə əlaqədar xəstəliklərdən qorunma və beyin sağlamlığının vacibliyinə diqqət çəkmək məqsədilə Ümumdünya Nevrologiya Federasiyası iyulun 22-ni Ümumdünya Beyin Günü kimi elan edib. 1957-ci ildə yaradılan həmin federasiya hazırda dünyanın müxtəlif ölkələrindən 120-dən çox peşəkar nevroloji assosiasiyanı öz ətrafında birləşdirir.

Beyinin insanın mərkəzi sinir sisteminin əsas orqanı olduğu heç kəs üçün sirr deyil. Təbabətin inkişafına və bu sahədə, o cümlədən beyin tədqiqatları sahəsində əldə edilən elmi kəşflərə baxmayaraq, insanın sinir sistemi tədqiqatları indiyədək davam edir. Beyin və onun fəaliyyəti ilə bağlı çoxsaylı məqamlar hələ də kəşf edilməmiş qalır. Beyin hüceyrələri uzun müddət oksigen çatışmazlığına məruz qalanda infarkt, insult və bir sıra təhlükəli xəstəliklərə - ürəyin işemik xəstəliklərinə əlverişli zəmin yaranır.

Vaxtaşırı başağrıları, əsəbi gərginliklər, yaddaş və yuxunun pozulmaları beyində oksigen çatışmazlığının ilkin əlamətləridir. Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha bariz şəkildə təzahür edir. İnsanların qocalması, ilk növbədə, beyin damarlarının aterosklerozu nəticəsində yaranan oksigen çatışmazlığı ilə bilavasitə əlaqədardır. Orqanizmi təşkil edən bütün sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz həmin mərkəzlər vasitəsilə idarə və tənzim olunur.

Qan damarları vasitəsilə orqanizmə çatdırılan ümumi oksigen və enerjinin 20 faizi beyin tərəfindən istehlak olunur. Beyin hüceyrələri çoxlu enerji tələb edir, ona görə də mərkəzi sinir sisteminin toxumalarına oksigen və enerjinin adekvat təchizatı olmadan müxtəlif nevroloji xəstəliklər və beyin disfunksiyası inkişaf edir. İnsan beyninin 73 faizi sudan ibarətdir. Bir saat yarım aktiv tərləmə bir il qocalma kimi beynin ölçüsünü azaldır.

İnsan beyni təxminən 2,5 milyon giqabayt məlumat saxlaya bilir. Lakin məlumatı asan əldə etmək yadda saxlamağı çətinləşdirir, ona görə də məlumat əldə etmək üçün nə qədər çox zəhmət tələb olunursa, onu bir o qədər yaxşı xatırlamaq mümkündür.

Paylaş: