İtkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması mühüm və təxirəsalınmaz vəzifədir
“Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu, sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir. İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər”.
Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir. İtkinlər gününün təsis edilməsi ilə bağlı ilk təşəbbüs 30 avqust 2007-ci ildə Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülmüşdür. Bir il sonra, 2008-ci ilin avqust ayında bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən ciddi dəstək almış və səbəbindən asılı olmayaraq itkin düşmüş bütün şəxslərin anım gününün qeyd edilməsinin zəruriliyinə dair ümumi fikir formalaşdırılmışdır.
Problemin həssas və humanitar xarakterli olması nəzərə alınaraq, həmin dövrdə Birləşmiş Millətlər Təşkilatında (BMT) bu təşəbbüslə bağlı bir sıra müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirə və təhlillərin yekunu olaraq, BMT Baş Assambleyası tərəfindən 21 dekabr 2010-cu ildə qəbul edilmiş Qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərara alınmışdır.
İnsanların itkindüşmə səbəbləri müxtəlifdir. Lakin ötən dövrlərin tarixi göstərmişdir ki, ən çox itkindüşmə halları silahlı münaqişələr zamanı baş verir. 1992-ci il fevralın 26-da Ermənistan ordusu və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktı qeyd olunanlara bariz nümunədir.
Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) verilmiş məlumatlara görə, hazırda silahlı münaqişələrlə bağlı dünyada 239 min 700 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Aydındır ki, bu kiçik rəqəm deyil və hər sayın arxasında bir itkinin və onun onlarla yaxın qohumunun uzun illər davam edən iztirablı taleyi, acı həqiqəti dayanır.
Məlumdur ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşmişdir. Münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilmiş, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulmuşdur. Bütün bu hallar xeyli sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olmuşdur.
Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşmüşdür.
3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olmuşdur.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülmüşdür. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə BQXK-nin Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata almışlar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılmış, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməmiş, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməmişdir.
Müharibə qurbanlarının, xüsusən də əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı məsələlər hər zaman Ulu Öndər Heydər Əliyevin, daha sonra möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur.
Vətən müharibəsindən sonra cənab Prezident bütün aidiyyəti platformalarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər problemini qaldırmışdır. 2021-ci ilin sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev bu məsələni diqqətə çatdıraraq demişdir: “Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.
Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə həmin ərazilərdə intensiv şəkildə axtarış proseslərinə başlanılmış və tapılmış kütləvi məzarlıqlardan 2021-ci ilin fevral ayından etibarən insan qalıqlarının ekshumasiyasına başlanılmışdır.
Məlumdur ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək zəkası, diplomatik və sərkərdəlik bacarığı, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində suveren ərazilərimizin erməni işğalından azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsi və Ermənistan tərəfinin itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları verməməsi bu prosesə mane olan əsas amillərdir.
Ermənistanın rəsmi şəxslərinin kütləvi informasiya vasitələrində itkin düşmüş azərbaycanlıların dəfn yeri barədə onlarda məlumatların olduğunu bəyan etmələrinə baxmayaraq, bu məlumatlar hələ də Azərbaycana təqdim edilmir. Halbuki bu məsələ beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan tərəfinin diqqətinə çatdırılmışdır.
Qeyd etmək yerinə düşər ki, hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanmış və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilmişdir. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilmişdir.
Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilmişdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilmişdir. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür.
Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.
Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilmişdir. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olmuşdur.
Qazıntılar zamanı aşkarlanmış meyit qalıqlarının ilkin tədqiqi zamanı insanların dini ayinlərə riayət olunmadan, xaotik halda basdırılması, sümüklərin üzərində küt, iti və kəsici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, əsgər çəkmələri və digər artefaktların aşkarlanması, o cümlədən antropoloji müayinələr bu şəxslərin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu deməyə əsas verir. Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir.
Eyni zamanda, ötən dövrdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Dövlət Komissiyasının müraciətinə əsasən, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023 cü ildə müvafiq Fərman imzalamışdır. Fərmana əsasən, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, habelə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb Baş idarəsinə göndərilir. Bununla əlaqədar, ölkə başçısı tərəfindən ayrılmış vəsait hesabına çox qısa zamanda DTX-nin Hərbi-tibb Baş idarəsində müasir tələblərə cavab verən və zəruri texniki avadanlıqlarla təchiz edilmiş Genetik Araşdırmalar Mərkəzi yaradılmışdır.
Vurğulamaq lazımdır ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər haqqında “Ante mortem” məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə Sazişinə əsasən, itkinlərə aid sorğu anketləri, həmçinin itkin ailələrinin əksəriyyətindən bioloji nümunələr toplanmışdır. Bu işdə Qızıl Aypara Cəmiyyətinin könüllüləri yaxından iştirak etmişlər. Toplanmış bioloji nümunələrin hamısından DTX-nin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində DNT profilləri çıxarılaraq arxivləşdirilmişdir. 2014-cü ildən etibarən ümumilikdə 3 min 600-dən artıq itkinin ailə üzvlərindən 11 min 236 bioloji nümunə toplanmışdır.
Bundan başqa, Vətən müharibəsində aparılmış hərbi əməliyyatlar və sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi və onların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət yetirilməsini dövlət orqanları qarşısında əsas vəzifə kimi qoyması əsas götürülərək, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və ya digər şəxslərin məhkəmə qaydasında ölmüş elan edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iki illik müddətin işin halları nəzərə alınmaqla 6 ayadək endirilməsi məsələsi ilə bağlı 2023-cü ildə Dövlət Komissiyası tərəfindən müvafiq məsələ qaldırılmışdır.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AR Mülki Məcəlləsində müvafiq dəyişiklikliyin edilməsinə dair 13 iyun 2023-cü il tarixli Qanun imzalamışdır. Qanuna əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu iki illik müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
O da məlumdur ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası bir sıra beynəlxalq sənədlərə qoşulmuş və bununla bağlı zəruri prosedurların həyata keçirilməsinə nail olmuşdur. Azərbaycan Respublikası 1993-cü ilin aprel ayında beynəlxalq humanitar hüququn əsas mənbələri olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını (“Quruda döyüşən silahlı qüvvələrdəki yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftara dair”, “Müharibə zamanı mülki şəxslərin qorunmasına dair”) və “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 14 may 1954-cü il tarixli Haaqa Konvensiyasını qəbul etmiş, bu sənədlərlə bağlı müvafiq qanunların qəbulu, aidiyyəti qanunlarda uyğunlaşmanın aparılması istiqamətində işlər görmüşdür.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarla bağlı itkin düşmüş şəxslər də şəhid hesab edildiyindən şəhid ailələri üçün müəyyən edilən bütün imtiyaz və güzəştlər itkin düşmüş şəxslərin ailələrinə də şamil edilir.
Ötən illər ərzində Azərbaycan Respublikası silahlı münaqişələr zamanı itkindüşmə hallarının qarşısının alınması və itkin ailələrinin iztirablarının azaldılması məqsədilə bir sıra beynəlxalq təşəbbüslərlə də çıxış etmişdir. 2002-ci ildən Azərbaycanın BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər”lə bağlı qətnamələrin qəbul edilməsi təşəbbüsünü irəli sürməsi buna bariz misal ola bilər. İki ildən bir qəbul edilən qətnamələr silahlı münaqişə tərəfləri olan dövlətləri itkin düşmüş şəxslərlə bağlı halları effektiv şəkildə həll etmək üçün əməkdaşlığa, o cümlədən məlumat mübadiləsi, qurbanlara yardım, itkin düşmüş şəxslərin yeri və şəxsiyyətinin müəyyən edilməsi, habelə insan qalıqlarının tapılması, müəyyən edilməsi və qaytarılması, eləcə də məzarlıqların müəyyən edilməsi və mühafizəsi yolu ilə qarşılıqlı yardım göstərməyə çağırır. Bundan başqa, dövlətlər, hökumətlərarası və qeyri-hökumət təşkilatları silahlı münaqişə ilə bağlı itkin düşmüş şəxslər probleminin həlli üçün lazımi tədbirlər görməyə və bu məqsədlə müvafiq yardım göstərməyə təşviq edilir.
Beş il əvvəl BMT Təhlükəsizlik Şurası silahlı münaqişələrdə itkin düşmüş şəxslərlə bağlı 2474 saylı Qətnamənin qəbulu ilə daha qətiyyətli səylərin göstərilməsi istiqamətində mühüm addım atdı. Qətnamə problemin qarşısını almaq və həll etmək üçün kompleks tədbirləri ehtiva edir və beynəlxalq humanitar hüquqla bağlı mühüm öhdəlikləri bir daha təsdiqləyir. Təhlükəsizlik Şurası Qətnamədə itkin düşmüş şəxslər probleminin həlli yönündə atılan addımların etimad, barışıq, sülhün qurulması və qorunması prosesinə töhfə verə biləcəyini vurğulayır.
2021-ci ildə İtkin düşənlər üçün Qlobal Alyansın yaradılması itkindüşmə probleminə beynəlxalq diqqətin daha da artırılmasına təkan vermişdir. BMT-nin 13 üzvü – Azərbaycan, Argentina, Kolumbiya, Xorvatiya, Estoniya, Qambiya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə bu qrupa daxildir. İtkin düşənlər üçün Qlobal Alyans itkin düşmüş şəxslərlə bağlı halların qarşısının alınması və problemin həlli məsələsini diqqətdə saxlamağa çalışır.
Dövlət Komissiyası olaraq, beynəlxalq İtkin düşmüş şəxslər günü ilə bağlı başvermə səbəbindən asılı olmayaraq, itkin düşmüş bütün insanların, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın xatirəsini hörmətlə anır, ailələrinə səbir diləyirik. İtkin şəxslərin ailə üzvlərini əmin edirik ki, bundan sonra da itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində yorulmadan çalışacaq və bütün imkanlarımızı səfərbər edəcəyik. Xüsusilə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, yeni texnologiyaların tətbiq edilməsi və mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına bundan sonra da ciddi əhəmiyyət veriləcəkdir.
Sonda fikrimi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda ötən ilin sentyabrında keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətindən gətirəcəyim bir sitatla yekunlaşdırmaq istəyirəm: “30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik”.
Qəzənfər Əhmədov
Azərbaycan Respublikası
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi,
İşçi qrupunun rəhbəri
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...