İstehsalat qəzaları və fəlakətlər zamanı təhlükəli faktorlar
Qəzalar - qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat müəssisələrində baş verə bilər.
Fəlakətlər- faciəvi nəticələrə, çoxlu sayda insan ölümünə səbəb ola bilən böyük qəzalardır. Qəzalarla fəlakətlər arasında fərq, hadisənin nəticələri və insan tələfatının həcminə əsasən müəyyən edilir.
İstehsalatda baş verən qəzalar nəticəsində yanğınlar və partlayışlar baş verə bilər. Bunun nəticəsındə isə bina və tikililərin, qurğu, texnikaların dağılması, zədələnməsi, ərazinin suyun altında qalması, rabitə, elektrik və kommunal şəbəkədə zədələnmələr baş verə bilər. Partlayışlar zamanı zərbə dalğasının təsiri yalnız dağıntılara deyil, insan tələfatına da gətirib çıxarır. Dağıntının dərəcə və xarakteri bir çox hallarda partlayışın gücündən başqa, tikilinin texniki vəziyyətindən, ərazinin relyefindən asılı olur.
Partlayışlar çox zaman böyük həcmdə karbohidratların (metan, etan, propan) istifadə edildiyi sahələrdə baş verir. Qazanxanalarda qazanlar, qaz aparatları, kimyəvi zavodların məhsulları, yarımfabrikantları, benzin buxarları, elevatorlarda tozlar, ağac emalı müəssisələrində tozlar və s. partlayış təhlükəlidir. Yaşayış binalarında partlayışlar, insanlar qaz sobalarını söndürmədikdə, qaz borularının istifadəyə yararlığına vaxtında nəzarət etmədikdə, texniki təhlükəsizlik qaydalarına əməl etmədikdə baş verə bilər. Şaxtalarda mədən qazının partlaması uçqunlar, yanğınlar yaratmaqla ağır nəticələrə gətirib çıxarır.
Binaların, körpülərin və digər mühəndis qurğuların qəflətən uçması da çox zaman böyük maddi itkilər və insan tələfatı ilə nəticələnir. Dağıntının səbəbləri isə çox zaman layihələndirmədə olan səhvlər, inşaat işlərinin aşağı keyfiyyətlə aparılması ilə bağlı olur.
Yanğınlar hər yerdə baş verə bilər: istehsalat müəssisələrində, kənd təsərrüfatı obyektlərində, təhsil müəssisələrində, yaşayış evlərində və s. Onlar, yanacaqların bütün növ nəqliyyatla daşınmaları zamanı baş verə bilər. Skipidar, kamfora, naftalin kimi kimyəvi maddələr öz-özünə alışa bilər. Bəzi kimyəvi maddələrin yanma prosesində zəhərli tüstü yaranır ki, bu da zəhərlənmələrə gətirib çıxarır. İstehsalat prosesində müəyyən şəraitlərdə ağac, kömür, torf, aluminium, un tozları təhlükə mənbəyinə çevrilir.
İstehsalatda baş verən qəza və fəlakətlərin əsas səbəblərinə aşağıda göstərilənləri aid edə bilərik:
- Müəssisənin layihələndirilməsində çatışmazlıqlar,
- Texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi,
- Xüsusən, tezalışan və partlayış təhlükəli maddələr istifadə olunduqda istehsalatın vəziyyətinə daimi nəzarətin olmaması,
- İstehsalat texnologiyasının, qurğuların, maşın və mexanizmlərin istifadə qaydalarının pozulması,
- Aşağı əmək və istehsalat intizamı,
- Qonşu müəssisələrdə və ya enerji, qaz şəbəkələrində qəzalar,
- Təbii fəlakətlər.
Fəlakətlər və böyük qəzalar zamanı, işçilərin, yaxınlıqda yaşayan əhalinin vaxtında xəbərdar edilməsi və onların mühafizəsinin təmin edilməsi çox böyük əhəmiyyət daşıyır. Hər şeydən öncə xilasetmə işlərini təşkil etmək, zərərçəkmişlərə ilk tibbi yardım göstərmək və onları tibbi müəssisələrə təxliyə etmək lazımdır.
Zədələnmiş obyektdə kəşfiyyat işləri aparıldıqdan sonra yanğınların lokallaşdırılıb sondürülməsi, sonrakı dağılmaların qarşısının alınması üçün tədbirlər görülür. Uçma təhlükəsi olan ayrı-ayrı obyektlər ya uçurulur, ya da möhkəmləndirilir, kommunal-enerji səbəkəsində təxirəsalınmaz işlər aparılır. Bu zaman təhlükəsizlik qaydalarına əməl olunması böyük əhəmiyyətə malikdir. Məsələn, ehtiyac olmadıqda dağıntı zonasında gəzişmək, dağılmış binaya daxil olmaq, dağılma təhlükəsi olan tikilinin yaxınlığında iş görmək qadağan edilir. Açıq əllə ötürücü xətlərə və elektrik qurğularına toxunmaq olmaz.
Təhlükəsizlik texnikası qaydalarına görə binanın konstruktiv elementlərinin sökülməsi eyni vaxtda bir neçə yarusda aparıla bilməz. Bu şəraitdə işləyərkən binanın digər hissəsinin uçmaması diqqət mərkəzində olmalıdır. Çatı tirləri mühafizə mənasında daha əminli yerdir, ona görə də qaldırıcı mexanizmlərin və insanların burada yerləşdirilməsi daha məqsədəuyğundur. Kərpiclə hörülmüş iri qapı və pəncərə yerləri əl ilə, yuxarıdan dayaqlara tərəf sökülməlidir.
Zədələnmiş binaların dayanıqsız konstruksiyaları bərkidilir və ya sökülür. Məsələn, şaquli xətlə onun qalınlığının üçdə bir hissəsindən çox yayılmış kərpic divar dayaqlar, maili dirək vurulub genəldilmə, eləcə də yardımçı materialların ən sadə istifadəsi ilə bərkidilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...