22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İspaniyada yağan güclü yağış Kataloniya bölgəsini də vurub

04-11-2024
IMG

İspaniyada son bir həftədir təsirli olan güclü yağış bu dəfə ölkənin şimal-şərqindəki Kataloniya bölgəsini vurub.
Dünən gecədən başlayan və bu gün günorta saatlarına qədər davam edən leysan yağışlar səbəbindən xüsusilə Barselona, Girona və Tarraqona şəhərlərində nəqliyyat iflic olub.

İspaniyanın hava limanı əməliyyatları müdirliyi AENA-nın verdiyi məlumata görə, Barselona Beynəlxalq Hava Limanında hər kvadratmetrə 81 litr yağıntı düşüb, hava limanının bir çox ərazisi və dayanacaq yerləri su altında  qalıb.

Yağışın vurduğu ziyana görə ən azı 50 reys təxirə salınıb, 17 təyyarə enişi başqa hava limanlarına istiqamətləndirilib. Bundan əlavə, mümkün qəzanın qarşısını almaq üçün “Renfe” dəmir yolu şirkəti Kataloniyada bütün şəhərətrafı reyslərin müvəqqəti dayandırıldığını açıqlayıb.

Kataloniya muxtar hökumətinin rəsmiləri də Barselonada bəzi metro xidmətlərinin dayandırıldığını bildirib və ictimaiyyəti ehtiyatlı olmağa çağırıb.

Güclü yağış səbəbindən bəzi yolları su basdığı, magistralların giriş-çıxışlarında kilometrlərlə növbələrin yarandığı da müşahidə olunub.

Barselona-Tarraqona yüksək sürətli qatar xəttinin xidmətləri də dayandırılıb.

Paylaş: