22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İspaniyada ölümcül daşqınlardan sonra xilasedicilər itkin düşənləri axtarır

31-10-2024
IMG

İspaniya xilasediciləri Valensiya bölgəsində yüzədək insanın ölümünə səbəb olan dağıdıcı daşqınlardan sonra itkin düşənləri aşkar etmək üçün su basmış əkin sahələrini və qapalı vəziyyətdə qalan avtomobilləri yoxlayıblar. Hava şəraitinin pisləşməsi ilə bağlı proqnoza görə şimalda külək xəbərdarlığı edilib.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları indiyə qədər neçə nəfərin itkin düşdüyünü açıqlamasa da, müdafiə naziri Marqarita Robles həlak olanların sayının arta biləcəyini bildirib.

Valensiyada daşqınlar infrastruktura ziyan vurub, körpüləri, yolları, qatar relslərini və binaları dağıdıb. Məhsul korlanıb, çoxlu sayda mal-qara tələf olub.

Valensiya şəhərindən 85 km aralıda yerləşən Utyel şəhərində Maqro çayının məcrasından çıxması nəticəsində əksəriyyəti birmərtəbəli olan evlərdə suyun səviyyəsi üç metrə çatıb.

Nəqliyyat naziri Oskar Puentenin sözlərinə görə, bəzi qatar vaqonlarında cəsədlər tapılıb. Valensiya ilə Madrid arasında yüksəksürətli dəmir yolu əlaqələrinin bərpası iki-üç həftə çəkəcək.

Meteoroloqlar Valensiyanın bəzi hissələrinə səkkiz saat ərzində birillik norma həcmində yağıntı düşdüyünü, bunun da İspaniyanın sitrus meyvələrinin təxminən üçdə ikisinin yetişdiyi bölgədə əkin sahələri su altında qaldığını bildiriblər.

Fəlakətdən dəyən zərərin yüz minlərlə avro olduğu təxmin edilir. Hökumətin yardımla bağlı vədlərinə baxmayaraq, zərərçəkənlər bərpa işlərinə dövlət yardımı alıb-almayacaqlarından narahatdırlar.

Paylaş: