22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İşğaldan azad edilmiş ərazilərin sakinləri üçün peşə hazırlığı kursları təşkil olunur

04-04-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin proqramların bir istiqaməti olaraq, Agentlik:

- Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Güləbird kəndləri,

- Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi,

- Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi,

- Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri,

- Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri,

- Kəlbəcər şəhəri,

- Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi,

- Xankəndinin Kərkicahan qəsəbəsi,

- Qubadlının Mahruzlu, Zilanlı kəndləri,

- Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri,

- Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndləri,

- Xocavəndin Xocavənd kəndi üzrə peşə hazırlığı kursları təşkil edir.

Peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilərlər.

Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslarda iştirak etməklə əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və həmin peşələr üzrə işlə təmin olunmaq imkanına yiyələnmək mümkündür.

Peşə hazırlığı kurslarına, DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya “sosial.gov.az” saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.

Kursların müddəti 6 aya qədərdir və iştirak ödənişsizdir.

Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil olunacaq.

Paylaş: