22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İranda keçirilən seçkilərdə Məsud Pezeşkian qalib gəlib

06-07-2024
IMG

İranda islahatçı Təbriz millət vəkili və keçmiş səhiyyə naziri Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda 53,7 faiz səs toplayaraq ölkənin 9-cu prezidenti olub.

İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami nazirlik binasındakı seçki mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, dünən keçirilən prezident seçkilərinin ikinci turunda səslərin hesablanması prosesi başa çatıb. 

Ölkə üzrə təxminən 59 min mərkəzdə qurulan seçki qutularında cəmi 30 milyon 530 min 157 səs verildiyini deyən İslami Pezeşkianın 16 milyon 384 min 403 səs aldığını bildirib. Buna görə Pezeşkianın səs nisbəti yüzdə 53,7 olub.İslami mühafizəkar Səid Celilinin səs nisbəti isə yüzdə 44,4 olaraq qalıb.

Məsud Pezeşkian kimdir? 

İslahatçı siyasətçi Pezeşkian 29 sentyabr 1954-cü ildə İran türk ailəsinin övladı olaraq Mahabad şəhərində anadan olub və hər fürsətdə türk kimliyi ilə qürur duyduğunu dilə gətirib.

Soyadı farsca "həkimlər" mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib. O, 1980-1988-ci illər arasında İran-İraq müharibəsində həm döyüşçü, həm də həkim kimi xidmət edib.

1985-ci ildə ümumi praktika kursunu bitirən Pezeşkian müharibədən sonra Təbriz Səhiyyə Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib.1993-cü ildə Təbriz Səhiyyə Elmləri Universitetində ürək cərrahiyyəsi ixtisasını alan Pezeşkian 1994-1999-cu illərdə Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.

Pezeşkiyan 1994-cü ildə həyat yoldaşı Fatma Mecidi və bir oğlunu yol qəzasında itirib, qalan iki oğlu və bir qızını tək böyüdüb və bir daha ailə qurmayıb.Pezeşkianın itkisi və fədakarlığı ilə bağlı bu hekayə İran cəmiyyətində onu mərhəmətli və möhkəm şəxsiyyət kimi görən bir çox insanlar tərəfindən ona rəğbət və hörmət qazandırıb.

Pezeşkianın siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. Daha sonra 2001-ci ildə Hatəmi dövründə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb.

2008-ci ildə ölkədə keçirilən ümumi seçkilərdə Təbriz millət vəkili kimi parlamentə daxil olmağı bacaran Pezeşkian o vaxtdan bəri beş dəfə Təbrizi təmsil edib.

2013-cü ildə İranda keçirilən prezident seçkilərində namizəd olan, lakin sonradan namizədliyini geri götürən Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. Bu müddət ərzində o, nüvə sazişini və Qərblə yaxşı münasibətləri müdafiə edib.

Pezeşkianın 2021-ci il seçkiləri üçün namizədliyi ərizəsi Konstitusiya Keşikçiləri Şurası tərəfindən rədd edilib. O, martın 1-də keçirilən parlament seçkilərində Təbriz deputatı kimi yenidən parlamentə daxil olub.

 İnternet qadağalarını böyük ölçüdə qaldıracağını vəd edən Pezeşkian daxili və xarici siyasətdə mühüm islahatların aparılmasının və Qərblə daha yaxşı əlaqələrin qurulmasının lazım olduğunu bildirib.

Qeyd edək ki, Pezeşkian 2005-ci ildən sonra İranda prezident seçilən ilk islahatçı şəxsdir.

Paylaş: