22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır

03-07-2024
IMG

Son həftələrdə ölkələrin bir çoxu böyük elektrik enerjisi kəsintiləri yaşayır və onun təchizatında yaranan fasilələrlə bağlı narahatlıq daha da artır. Balkan yarımadasından tutmuş Yaxın Şərq və Afrikaya qədər olan məkanda bu problem hər il daha da kəskinləşir. Səbəb isə qlobal istiləşmənin elektrik şəbəkələrinə mənfi təsiridir. Belə ki, isti hava dalğaları və ekstremal hava şəraiti üzündən təzyiq altında olan və daha çox tələbatla üzləşən elektrik şəbəkələri sıradan çıxır.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bəzi Yaxın Şərq ölkələrində isti hava dalğaları elektrik şəbəkələrində yükü artırır və hökumətlər enerjinin verilməsində qrafiklər tərtib etməyə məcbur olublar. İraqda şiddətli isti hava dalğası və uzun müddət davam edən elektrik kəsintisi səbəbindən iş saatları azaldılıb və bu, geniş ictimai etirazlara səbəb olub. Bağdad sakinlərini həddindən artıq istidən və davamlı elektrik çatışmazlığından qorumaq üçün fövqəladə vəziyyət elan edilib.

Küveyt hökuməti də temperaturların yüksəlməsi ilə əlaqədar yüksək tələbat səbəbindən elektrik enerjisindən istifadəni azaltmaq üçün daha çox elektrik kəsintiləri tətbiq edəcəyini açıqlayıb. Bu ölkənin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi saat 11:00-dan axşam 17:00-a qədər elektrik enerjisinin verilməsi ilə bağlı qrafiklər tətbiq edib və bildirib ki, lazım gələrsə, fasilələr iki saata qədər uzadılacaq.

Misir də elektrik enerjisi çatışmazlığı ilə üzləşib. Baş nazir Mustafa Madbuli yüksək elektrik istehlakı fonunda bu həftədən etibarən iki saatlıq fasilələrin olacağını bildirib və ölkə daxilində davam edən gündəlik üç saatlıq elektrik kəsintisinə görə əhalidən üzr istəyib. O deyib ki, ölkə bu problemi həll etmək üçün generasiya stansiyalarında istifadə olunan ağır, aşağı keyfiyyətli mazut və təxminən 1,18 milyard dollar dəyərində təbii qaz idxal edəcək.

Balkan bölgəsi də güclü isti hava dalğası fonunda elektrik enerjisi böhranı ilə üzləşib. Monteneqro, Bosniya və Herseqovina, Albaniya və Xorvatiyada baş verən böyük fasilələr gündəlik həyat ritmini pozub və narahatlığa səbəb olub.

İqlim böhranı ilə əlaqədar elektirk enerjisi problemi Afrika qitəsində daha çox hiss edilir. Hələ may ayında Zambiya gündəlik enerji təchizatını əlavə dörd saat azaldıb və istehlakçılara sutkada cəmi 12 saat elektrik enerjisi verilib. Rəsmilər bunu quraqlıq və bəndlərdə suyun səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Ekspertlərin fikrincə, El Nino hava fenomeninin səbəb olduğu quraqlıqdan əhəmiyyətli dərəcədə təsirlənın Afrika ölkələrində elektrik enerjisi probleminin yaxın vaxtlarda həll ediləcəyi mümkün deyil.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi davamlı olaraq istilik dalğalarının tezliyini və şiddətini artırır, bu da okeanların səviyyəsini tədricən yüksəldir və fırtına dalğasına səbəb olur. İqlim böhranı, həmçinin Antarktidada əksər buzlaqlarını əridir və bu, hidroenergetika və soyutma elektrik stansiyaları üçün mövcud olan suyun səviyyəsinə təsir göstərə və onu məhdudlaşdıra bilər. Başlıcası isə, bu tendensiya davam edəcək və hətta inkişaf etmiş ölkələrdə belə normal həyat ritmini pozacaq.

Paylaş: