22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İnsan damarlarındakı nanoplastik hissəciklər infarkt və insult riski yaradır

07-03-2024

Yeni araşdırmalar göstərir ki, boyundakı əsas qan damarlarında mikroplastik və nanoplastik hissəciklər aşkarlanan insanlarda infarkt, insult və hətta ölüm riski yüksək olur.

Fhnews.az “The New England Journal of Medicine” jurnalına istinadla xəbər verir ki, alimlər ilk dəfə olaraq bu kiçik plastik hissəcikləri ürək-damar xəstəlikləri ilə əlaqələndiriblər. Çox kiçik hissəciklər olan nanoplastikləri yalnız xüsusi mikroskopla görmək mümkündür.

Son illərdə nanoplastiklərə demək olar ki, hər yerdə rast gəlmək olur. Onlar hətta ana südündə, ağciyər və qaraciyər toxumalarında, eləcə də qanda aşkarlanır.

İtaliyanın Neapol şəhərindəki “Campania Luigi Vanvitelli” Universitetinin tibb və cərrahiyyə elmləri şöbəsinin kardiologiya üzrə tədqiqatçısı və yeni araşdırmanın aparıcı müəllifi doktor Raffael Marfel bildirib ki, xırda hissəciklər orqanizmə nəfəs alarkən və hətta dəri vasitəsilə də keçə bilər.

Alimlər karotid arteriya stenozu əməliyyatı keçirən 257 xəstənin sağlamlığını 34 ay ərzində izləyiblər. Nəticədə 150 pasiyentin damarlarında plastik hissəciklər – xüsusilə də nanoplastiklər aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, sonradan həmin xəstələrin 20 faizində infarkt, insult və ya ölüm halı baş verib.

Tədqiqatçılar bildiriblər ki, yaş, cins, bədən kütləsi indeksi, şəkərli diabet və anormal xolesterin kimi sağlamlıq problemləri istisna olmaqla, damarlarında plastik aşkarlanan xəstələrdə digərlərinə nisbətən təxminən beş dəfə çox ürək-damar xəstəlikləri yaranır.

Paylaş: