İnsan beyni böyüdükcə daha tez qocalır
İnsan beyninin böyüyən hissələrinin daha tez qocaldığı müəyyən edilib.
Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, təxminən 7 milyon il əvvəl ortaya çıxan insanları yaxın qohumlarından fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərdən biri də onların böyük beyinə sahib olmasıdır.
Milyonlarla illik təkamül yolu ilə böyüyən, həm də mürəkkəb bir quruluşa sahib olan insan beyni dillə ünsiyyətdən gələcəyi planlaşdırmağa qədər bir çox üstünlüklər təmin edir. Digər tərəfdən, elmi tədqiqatlar aparan “Science Advances” jurnalında dərc edilən yeni araşdırmaya görə, bütün bunların bir dəyəri var. İnsan beyininin necə yaşlandığını müşahidə etmək istəyən tədqiqatçılar 480 insan və 189 şimpanzenin beyin skanlarını araşdırıblar. Şimpanzelər insanların əcdadları deyillər, lakin bu iki növ ortaq əcdaddan təkamül keçiriblər. İnsan beyni şimpanzeninkindən üç dəfə böyükdür. Alimlər hər iki beyində 17 ayrı bölgənin olduğunu qeyd ediblər. Bunlardan bəziləri bərabər ölçüdə olub, digərləri isə insanlarda daha geniş yayılıb. Bunlardan biri də gözlərin arxasında yerləşən və qərarların qəbulunda mühüm rol oynayan orbitofrontal korteks olub. Daha sonra qocalma prosesini araşdıran qrup, hər iki növün beyinlərinin zamanla kiçildiyini müşahidə edib. Ancaq bəzi hissələr daha sürətli kiçilirsə də, insan beynində ən sürətli qocalmanın orbitofrontal korteksdə və təkamül zamanı daha çox böyümə müşahidə edən digər bölgələrdə baş verdiyi aşkarlanıb. Tədqiqatçılar, həmçinin babun və makakaların beyinlərini şimpanzelərin beyinləri ilə müqayisə ediblər. Digər tərəfdən, bu müqayisələrdə beynin genişlənməsi ilə yaşa bağlı azalma arasında heç bir əlaqə aşkarlanmayıb.
Düsseldorf Universitetindən olan tədqiqatçılar bildirib ki, beynin ən sürətlə genişlənən hissələri mürəkkəb vəzifələrə cavabdehdir: “Bu, həmin sahələrin niyə daha tez köhnəldiyini və daraldığını izah edə bilər. Ancaq insan beyninin daha böyük hissələrinin niyə daha sürətli kiçilməsini izah etmək üçün daha çox araşdırmaya ehtiyac var”.
Araşdırmada iştirak etməyən bəzi ekspertlər də hesab ediblər ki, nəticələr daha çox iştirakçı ilə dəstəklənməlidir. London Universitet Kollecindən antropoloq dr. Aida Qomez-Robles əlavə edib: “İnsanların beyinində qocalmanın oxşar tədqiqatları çox vaxt minlərlə insanı əhatə edir. Nəticələr bu hissələrin bəzilərinə aiddir, lakin onların hamısına aid olub-olmadığını bilmirik. Həmin nəticələr qəti şəkildə təsdiqlənərsə, maraqlı bir vəziyyət ortaya çıxar - insanların sağqalma şansını artıran və şimpanzelərdən daha uzun yaşamalarını təmin edən bölgələr ilk yaşlanan hissələrdir. Yaş irəlilədikcə ortaya çıxan bəzi problemlər təkamülün həm üstünlük, həm də mənfi cəhətlər gətirməsinin nəticəsi ola bilər”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...