22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziyada piton ilanı 45 yaşlı qadını udub

09-06-2024
IMG

İndoneziyada itkin düşən 45 yaşlı qadının meyiti piton ilanın mədəsindən çıxarılıb.

Fhnews.az xəbər verir ki, hadisə Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində baş verib. İyunun 6-da axşam vaxtı Fəridə adlı qadın itkin düşüb. Axtarışa çıxan kənd sakinləri növbəti gün kəndin yaxınlığındakı meşədə qarnı qabarmış tor piton görüblər. Uzunluğu 5 metr olan ilanının qarnını kəsən kəndlilər Fəridənin bütöv meyitini aşkarlayıblar.

Bu cür hadisələr nadir hallarda baş versə də, son illər İndoneziyada pitonun insan udmasına dair bir neçə fakt qeydə alınıb. Ötən il Cənub-şərqi Sulavesi əyalətinin Muna adasında 8 metr uzunluğu olan piton bir nəfəri boğub öldürdükdən sonra udub. 2018-ci ildə isə ştatın başqa bir qəsəbəsində 54 yaşlı qadının meyiti 7 metr uzunluğu olan pitonun qarnında aşkarlanıb. Ondan bir il əvvəl isə Qərbi Sulavesidə 4 metr uzunluğu olan piton kəndlini diri-diri udub.

Qeyd edək ki, dərisi üzərində tora bənzər naxışlar olduğu üçün torlu piton adlandırılan bu ilan Cənubi və Cənub-şərqi Asiyada rast gəlinir. Nəsli kəsilməkdə olan torlu piton dünyada ən uzun, ağırlığına görə isə anakonda və Burma pitonundan sonra 3-cü ilan növü hesab olunur. İnsanlar tərəfindən dərisinə və tibdə istifadəyə görə ovlanan torlu pitonlar əsasən onurğalı heyvan və quşlarla qidalanır. Bu ilanlar öz uzunluğunun dörddəbiri qədər və özü ilə eyni çəkidə olan canlıları uda bilir.

Paylaş: