İmtahanlarda yüksək bal toplayaraq tələbə adı qazanan əslən Qərbi azərbaycanlı gənclərlə görüş keçirilib
2024-2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
Fhnews.az xəbər ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən görüşdə İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edib, qarşıdakı təhsil illərində, həyat yollarında uğurlar diləyib. O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş kütləyə çatdırılması və soydaşlarımızın ata–baba yurdlarına geri qayıdışı istiqamətində aparılan işlərdə gənclərin rolu böyükdür, bu reallığın gələcək nəsillərə ötürülməsinin aparıcı qüvvəsi də elə məhz gənclərdir.
İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxışında bildirib ki, gənclər qazandıqları bu parlaq uğurla kifayətlənməməli, gələcəkdə bu uğurlu yolun davam etməsi üçün bütün səylərini ortaya qoymalıdırlar.
Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, azərbaycanlı gənclər hər zaman elmə, təhsilə böyük maraq göstəriblər və bugünkü tədbirə gələn, ölkənin və dünyanın yüksək səviyyəli ali məktəblərinə daxil olan gənclərin simasında bu fikirlər öz əksini tapır.
Digər çıxış edənlər - İcmanın Müşahidə Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev, Nəzarət-Təftiş Komissiyası sədrinin müavini Şahin İsmayılov, Qadınlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə, Qadınlar Şurasının üzvü, hüquq elmləri doktoru, professor Firuzə Abbasova, İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor Zahid Cəfərov, Gənclər Şurasının üzvü Səbinə Xasayeva, Ziyalılar Şurasının üzvü, fəlsəfə elmləri doktoru Etibar Əliyev gənclərin İcma ilə sıx əlaqələrinin qurulması, Qərbi Azərbaycan barədə daha geniş miqyasda məlumatlandırmanın təmin edilməsi üçün onları fəal olmağa çağırıblar.
Yüksək bal toplayan abituriyentlər Amil Ələsgərov (Bakı Ali Neft Məktəbi - İnformasiya təhlükəsizliyi), Mədinə Daşdəmirova (ADA Universiteti - hüquq), Nəzrin Məmmədova (ABŞ-ın Boston Universiteti - hüquq), Öndər Cəfərli (ADA Universiteti – hüquq), Banu Nəbiyeva (İstanbulun Cərrahpaşa Universiteti - tibb) çıxış edərək səslənən fikirlərə şərik olduqlarını, onları qarşıda gözləyən yolda, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında bundan sonra da bütün güclərini ortaya qoyacaqlarını bildiriblər.
Sonda gənclərə Qərbi Azərbaycan İcmasının rəmzi hədiyyələri təqdim olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...