22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İki ölkənin səmasında parlaq kometa işığı müşahidə edilib

20-05-2024
IMG

Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, mayın 18-dən 19-na keçən gecə İspaniya və Portuqaliyanın bəzi hissələri üzərində səmanı işıqlandıran parlaq bir kometa parçası müşahidə edilib. Lissabon sakininin dediyinə görə, gözqamaşdıran səma bir film fraqmenti təəssüratı yaradıb.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, mayın 19-da səhər saatlarında ESA Portuqaliya sərhədi yaxınlığında, İspaniyanın qərbindəki Kaseres şəhərinin səmasında heyrətamiz meteor kimi təsvir etdiyi “alov topu kamerası” tərəfindən çəkilmiş bir videonu “X” sosial platformasında paylaşıb. Lakin sonradan agentlik onun meteor deyil, kiçik bir kometa parçası olduğunu bildirərək, onun Atlantik üzərində yanmadan əvvəl İspaniya və Portuqaliya üzərində saniyədə 45 kilometr sürətlə uçduğunu təxmin edib.

Hər iki ölkənin bir neçə şəhər və qəsəbəsində çəkilmiş videolar sosial mediada yayılıb, obyektin gecə səmasını yüksək sürətlə keçərək onu mavi və yaşılın parlaq çalarlarında işıqlandırması geniş rezonans doğurub.

İspaniyanın “Kalar Alto” astronomik rəsədxanası da bildirib ki, Əndəlüs Astrofizika İnstitutunun ilkin təhlili obyektin kometa mənşəli olduğunu ortaya çıxarıb.

Portuqaliyanın Barselos şəhərində konsert zamanı bir müğənninin çıxışı əsnasında obyektin səmada dalğalandığı lentə alınıb. Başqa bir videoda isə Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portonun səmasının bir neçə saniyə ərzində parıldadığı əks olunub.

Çoxları baş verənləri bildirmək üçün təcili yardım xidmətləri ilə əlaqə saxlayıb. Madriddəki İspaniya Fövqəladə Hallar Departamentinin 112 xidmətinin sözçüsü “Europa Press” xəbər agentliyinə bir neçə zəng aldığını söyləyib. Lissabon sakini, 31 yaşlı Bernardo Taborda dostları ilə şəhərdə gəzərkən səmanın birdən-birə parlaq yaşıl rəngə çevrildiyini deyib: “Demək olar ki, gün işığı kimi görünürdü... hamımız arxaya baxdıq və bu mənzərəni gördük”.

Paylaş: