22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ICESCO üzv ölkələri səhiyyə sektoruna investisiyaları artırmağa çağırıb

08-04-2024

Hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü müxtəlif sağlamlıq problemləri haqqında məlumatlılığın artırılması və səhiyyə xidmətinin yaxşılaşdırılması üçün səylərin səfərbər edilməsi məqsədilə qeyd olunur. Bu ilki “Mənim sağlamlığım, mənim hüququm” mövzusu hərtərəfli və ədalətli səhiyyə xidmətinə çıxışın hamı üçün əsas hüquq olduğunu vurğulayır.

Fhnews.az xəbər verir ki, bu fikirlər İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müraciətində ifadə edilib.

Müraciətdə deyilir: “ICESCO hesab edir ki, Ümumdünya Sağlamlıq Gününün qeyd edilməsi həm regional, həm də beynəlxalq səviyyədə səhiyyə sahəsində atılan addımları vurğulamaq, gələcək nəsillər üçün daha yaxşı gələcək qurmaq üçün bir fürsətdir. Təşkilat hərtərəfli səhiyyə sistemlərinin inkişaf etdirilməsi və konsolidasiyasında gənclərin və qadınların imkanlarından istifadə etməyə çağırır”.

ICESCO bu münasibətlə səhiyyə infrastrukturunun inkişafına töhfə vermək, bu sahədə elmi tədqiqatların sayını artırmaq və İslam ölkələrində təcili səhiyyə problemlərini həll etmək üçün innovativ həllər tapmaq öhdəliyini bir daha təsdiqləyib. Təşkilat qeyd edib ki, əsas məqsəd elm və texnologiyaların ən son nailiyyətlərindən istifadə edən təşəbbüslər, proqramlar və layihələr vasitəsilə xəstəliklərin qarşısının alınmasına töhfə vermək və sağlamlıq məsələsində bərabərliyə nail olmaqdır.

Müraciətdə vurğulanır: “Bu kontekstdə ICESCO üzv dövlətlərdə səhiyyə sistemlərinin təkmilləşdirilməsinə töhfə vermək üçün strateji tərəfdaşlıqların qurulmasını fəal şəkildə davam etdirir. Təşkilat bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı ilə 2024-cü il martın 26-da səhiyyə sistemlərinin gücləndirilməsi, səhiyyə mütəxəssislərinin potensialının artırılması, rəqəmsal texnologiyaların tətbiqinin təşviqi, təcrübə və bilik mübadiləsinin asanlaşdırılması kimi sahələrdə əməkdaşlıq etmək üçün saziş imzalayıb. Bu səylər İslam ölkələrinin təbii fəlakətlərə və əhalinin sağlamlığı üçün digər təhlükələrə qarşı hazırlığı və dayanıqlılığını dəstəkləmək məqsədi daşıyır. Bundan əlavə, ICESCO su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra proqramlar, o cümlədən İslam dünyasının bir sıra ölkələrində kənd məktəblərində su və kanalizasiya xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə layihə həyata keçirib”.

Paylaş: